Deputat Vüqar Bayramov öz sosial media hesabında bildirib ki, yanvarın 31-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunu təmsil edən peşəkar heyət üzvləri Milli Məclisdə görüş keçiriblər.
Onun sözlərinə görə, görüşdə Azərbaycan–ABŞ münasibətlərinin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Paylaşımda qeyd olunur ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ABŞ-la parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov görüş zamanı iki ölkə arasında əlaqələrin tarixi, hazırkı əməkdaşlıq istiqamətləri və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi imkanları barədə ətraflı məlumat verib. Vurğulanıb ki, tərəflərin birgə bəyanatları və atılan praktiki addımlar bu istiqamətdə siyasi iradəni açıq şəkildə nümayiş etdirir.

Vüqar Bayramovun paylaşımında bildirilib ki, Vaşinqton sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin avqustunda ABŞ-a etdiyi işgüzar səfər və bu səfər zamanı əldə olunan razılaşmalar ikitərəfli münasibətləri keyfiyyətcə yeni mərhələyə daşıyıb. Qeyd olunub ki, imzalanan sənədlər yalnız Azərbaycan–ABŞ əməkdaşlığının möhkəmlənməsinə deyil, həm də Azərbaycan–Ermənistan sülh gündəliyi kontekstində regionda sabitliyin və əməkdaşlığın güclənməsinə mühüm töhfə verir.

