Bugun.tv xəbər verir ki, ABŞ kosmosda silah sistemləri yerləşdirdiyini ilk dəfə rəsmi şəkildə təsdiqləyib.
The Guardian yazır ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin katibi Troy Meink məlumat verib. Onun sözlərinə görə, orbitdə yerləşən və silah kimi istifadə olunan sistemlər artıq ABŞ-ın müdafiə strategiyasının bir hissəsidir.
Məlumata əsasən, söhbət həm kinetik, həm də qeyri-kinetik imkanlara malik ola bilən sistemlərdən gedir. Onların mümkün istifadə sahələri arasında müdafiə və qarşı tərəfin peyk və kosmik imkanlarına təsir göstərmək kimi istiqamətlər qeyd olunur.
ABŞ-ın bu açıqlaması kosmosun hərbiləşdirilməsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Uzun müddətdir müxtəlif ölkələrin kosmosda hərbi imkanlarını artırdığı barədə məlumatlar yayılırdı, lakin Vaşinqtonun belə sistemlərin mövcudluğunu açıq şəkildə təsdiqləməsi diqqət çəkib.
Rusiya və Çin isə kosmosun silahlanma yarışına çevrilməsinin qarşısının alınmasının vacibliyini vurğulayıblar. Ekspertlər hesab edirlər ki, yeni vəziyyət orbitdə qarşılıqlı rəqabəti daha da sürətləndirə bilər.
Mənbə: The Guardian
