Birləşmiş Ştatlar alyansın iyunun 28-də Madriddə keçiriləcək sammitindən əvvəl İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı Türkiyənin narahatlığını aradan qaldırmağı hədəfləyir. Bunu Senatda dinləmələr zamanı dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid deyib.
“Hürriyet” qəzetinin məlumatına görə, Ankara Finlandiya və İsveçin NATO-ya daxil olana qədər fikir ayrılıqlarının aradan qaldırılması üçün yazılı təminat tələb edib.
Türkiyə tərəfinin tələbləri Finlandiya və İsveçin Türkiyədə terrorçu kimi tanınan təşkilatlara dəstək verməsi səbəbindən irəli sürülüb.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərinə görə, İsveç və Finlandiyadan alınan sənədlər “Ankaranın gözləntilərindən uzaqdır”.