Bugun.tv xəbər verir ki, ABŞ federal məhkəməsi Pentaqonun süni intellekt şirkəti Anthropic-i milli təhlükəsizlik üçün risk yaradan təchizatçı kimi qara siyahıya salmasını qanunsuz hesab edərək qərarı bloklayıb. Reuters-in məlumatına görə, qərar ABŞ Müdafiə Nazirliyi ilə “Claude” süni intellekt modelinin yaradıcısı olan şirkət arasında aylarla davam edən mübahisənin yeni mərhələsidir.
Mübahisə Anthropic-in süni intellekt texnologiyasının müəyyən hərbi məqsədlər, xüsusilə tam avtonom silah sistemləri və daxili nəzarət üçün istifadəsinə qoyduğu məhdudiyyətlərdən sonra yaranıb. Pentaqon şirkəti “təchizat zənciri üçün təhlükə” kimi qiymətləndirərək onunla bağlı sərt tədbirlər görmüşdü.
Hakim Rita Lin Pentaqonun qərarının şirkətin konstitusiya ilə qorunan hüquqlarına zidd olduğunu bildirib. Məhkəmənin qərarına əsasən, milli təhlükəsizlik arqumentindən şirkətin mövqeyinə görə ona qarşı təzyiq vasitəsi kimi istifadə edilə bilməz.
Anthropic bu qərarı süni intellekt şirkətlərinin öz texnologiyalarının necə istifadə olunacağı ilə bağlı mövqeyini qoruması baxımından mühüm qələbə kimi qiymətləndirib. Pentaqon isə qərardan şikayət verə bilər.
Mənbə: Reuters
