Toronto şəhərində yerləşən ABŞ Konsulluğu binasına silahlı hücum edilib. Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.
Polisin məlumatına görə, insident yerli vaxtla səhər saat 05:30 radələrində baş verib. Hadisə zamanı çoxsaylı silah səsləri eşidilib. Hazırda hüquq-mühafizə orqanları ərazidə araşdırma aparır və hücum edən şəxsin kimliyi hələ müəyyən edilməyib.
Polis açıqlamasında hadisə yerində odlu silahdan istifadə olunduğunu göstərən sübutların aşkarlandığı qeyd olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində konsulluq binasının yerləşdiyi küçə müvəqqəti olaraq nəqliyyat üçün bağlanıb.
Kanadanın Baş naziri Mark Carney hadisəni pisləyərək bunu zorakılıq və qorxutma cəhdi kimi qiymətləndirib. O bildirib ki, hücum nəticəsində xəsarət alanların olmaması sevindirici haldır və hadisənin araşdırılması üçün bütün zəruri resurslar səfərbər olunacaq.
Qeyd edək ki, bir neçə gün əvvəl Oslo şəhərində yerləşən ABŞ səfirliyi binasında da partlayış baş vermişdi. Polis həmin hadisənin diplomatik nümayəndəliyə qarşı qəsdən törədilmiş hücum ola biləcəyini istisna etmir.
Mənbə: TrtHaber
