Digər

“ABŞ və İsrail İranda xalq etirazlarını formalaşdıra bilmədi”

İran-ABŞ danışıqlar, etimad divarı, nüvə proqramı, Tehran açıqlaması, diplomatik gərginlik, regional təhlükəsizlik, 1

Siyasi ekspert, Məhəmməd Əsədullazadə ABŞ və İsrailin İranda daxili etirazlar yaratmaq planının baş tutmadığını bildirib.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə İran cəmiyyətinin kütləvi şəkildə küçələrə çıxacağı gözlənilmir.

Ekspert qeyd edib ki, ABŞ və İsrail tandeminin məqsədlərindən biri İranda xalq etirazlarını alovlandırmaq idi. Lakin bu plan reallaşmayıb. Onun fikrincə, İsrailin baş naziri Benjamin Netanyahunin İran xalqına etdiyi müraciətlər də gözlənilən nəticəni verməyib.

Əsədullazadə bildirib ki, İsrailin mülki obyektlərə zərbələr endirməsi İran cəmiyyətində İsrailə qarşı qəzəbi daha da artırır. Bu səbəbdən də İran xalqının ABŞ və İsrailin təhriki ilə kütləvi etirazlara qoşulması ehtimalı zəif görünür.

Siyasi ekspertin sözlərinə görə, İran hakimiyyəti uzun illər ərzində ABŞ və İsraili ölkə üçün əsas düşmən kimi təqdim edib. Hazırda həmin dövlətlərin İrana qarşı hərbi əməliyyatlar aparması bu təbliğatı daha da gücləndirir və cəmiyyətdə hakimiyyətə qarşı etirazların formalaşmasını çətinləşdirir.

Ekspert hesab edir ki, əgər ABŞ və İsrail bir müddət gözləmə mövqeyi tutsaydılar, ölkədəki ağır iqtisadi və sosial vəziyyət fonunda etirazların yenidən baş qaldırması ehtimalı daha yüksək ola bilərdi.

Əsədullazadə diqqətə çatdırıb ki, kürdlərin sıx yaşadığı Kirmanşah şəhərində əhalinin yeni dini lideri dəstəkləmək üçün küçələrə çıxması da diqqət çəkən məqamlardandır. Halbuki İsrailin kürd qruplarından İrana qarşı hərbi əməliyyatlarda istifadə etməyə çalışdığı iddia olunur.

Siyasi ekspertin fikrincə, ABŞ və İsrailin İran daxilində etiraz dalğası yaratmaq və daxili silahlı qarşıdurma formalaşdırmaq planı baş tutmayıb. Bu isə mövcud hakimiyyətin mövqeyini möhkəmləndirə və müharibənin davam etməsinə şərait yarada bilər.

Əsədullazadə hesab edir ki, növbəti mərhələdə ABŞ və İsrail İranın iqtisadi və enerji infrastrukturunu hədəfə ala bilər. Onun sözlərinə görə, İsrailin Qəzza zolağında tətbiq etdiyi taktikanın İranda da istifadə olunması ehtimalı var.

Ekspert bildirib ki, müharibənin nəticələri həm ABŞ prezidenti Donald Trump, həm də Netanyahu üçün ciddi siyasi risklər yarada bilər. O qeyd edib ki, İranın ali dini lideri Əli Xameneinin ölümündən sonra onun oğlu Müctəba Xameneinin hakimiyyətə gəlməsi ABŞ və İsrail üçün psixoloji və siyasi zərbə hesab oluna bilər.

Əsədullazadə əlavə edib ki, ABŞ və İsrail əsasən hava zərbələri vasitəsilə İrana təzyiq göstərməyə çalışacaq. Onun fikrincə, quru əməliyyatları isə ABŞ üçün Vyetnam, Əfqanıstan müharibəsi (2001–2021) kimi uzunmüddətli və ağır nəticələrə səbəb ola biləcək ssenari yarada bilər.

Milli cəbhə partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə

Aynur Camal

Oxşar xəbərlər

Ukrayna müharibəsi üzrə brifinq: Zelenski dron mütəxəssislərinin Yaxın Şərqə göndəriləcəyini açıqlayıb

Aynur Camal

İşdə yeni müdir insan olmaya bilər: şirkətlər süni intellekt menecerlərini sınaqdan keçirir

Aynur Camal

Gülistan Sarayına edilən hücum “müharibə cinayəti” adlandırıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu