Bugun.tv xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi Venesuelanın keçmiş prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresə qarşı yeni ittihamların irəli sürüldüyünü açıqlayıb.
“Euronews”un oktyabrın 8-də yaydığı məlumata görə, yenilənmiş ittihamnamədə Maduro və Flores işgəncə törətmək məqsədilə əlbir olmaqda, narkoterrorizmdə, kokainin ABŞ-a gətirilməsi ilə bağlı sui-qəsddə və silahlarla əlaqəli cinayətlərdə ittiham olunurlar.
ABŞ prokurorluğunun iddiasına əsasən, Venesuelada hakimiyyətin saxlanılması məqsədilə siyasi müxalifətə qarşı təzyiqlər göstərilib, insanlar qanunsuz saxlanılıb və işgəncələrə məruz qoyulub. İttihamnamədə elektrik cərəyanı ilə işgəncə, döyülmə və boğulma kimi hallardan da bəhs edilir.
Sənəddə ABŞ vətəndaşlarının da zərərçəkənlər arasında olduğu iddia edilir. ABŞ rəsmiləri yeni ittihamların Maduro və onun həyat yoldaşının əvvəlki cinayət işlərinə əlavə olunduğunu bildiriblər.
Maduro və Flores ittihamları qəbul etməyiblər. Onlar narkotik qaçaqmalçılığı ilə bağlı əvvəlki ittihamlar üzrə də təqsirlərini inkar ediblər.
Qeyd edək ki, ittihamların irəli sürülməsi şəxslərin təqsirinin məhkəmə tərəfindən sübuta yetirilməsi demək deyil. İş üzrə yekun qərarı məhkəmə verəcək.
Mənbə: Euronews
