“ABŞ Müdafiə Departamenti yeni milli müdafiə strategiyasını açıqlayıb. Sənəddə Rusiya NATO-nun şərq üzvləri üçün “idarəolunan təhlükə” olaraq qiymətləndirilir”.
Bugun.tv– xəbər verir ki, politoloq Aqil Məmmədov bu barədə öz sosial media hesabında paylaşım edib. Ekspert bildirib ki, sənəd Rusiya ilə bağlı təhlildə belə nəticəyə gəlir: Moskva Avropa hegemonluğuna iddia etmək iqtidarında deyil, Avropa iqtisadi, hərbi və demoqrafik baxımdan Rusiyanı üstələyir.
Aqil Məmmədov qeyd edir ki, ABŞ strategiyada Avropanın öz-özünü müdafiə etməli olduğunu vurğulayır, Amerika isə yalnız passiv dəstək rolunda qalacaq.
Yeni strategiyada Çin ABŞ-dan sonra əsas qlobal güc kimi tanınır, lakin sənəd rəsmi Pekinlə açıq qarşıdurmanı nəzərdə tutmur; əksinə, güc əsaslı dialoq prioritet götürülüb.
Politoloq əlavə edir ki, ABŞ Hind-Sakit okean regionunda fəallığını artırmaq, buradan keçən nəqliyyat dəhlizlərini tam nəzarət altında saxlamaq niyyətindədir. Eyni zamanda, sənəddən görünür ki, ABŞ öz gücünə arxalanan və regionlarda məsuliyyəti üzərinə götürməyə hazır olan ölkələrlə əməkdaşlığı dərinləşdirəcək. Bu isə, yaxın gələcəkdə Türkiyə və Azərbaycanla hərbi tərəfdaşlığı gücləndirəcək və hər iki ölkənin regional təhlükəsizlik məsuliyyətinə dəstək verəcək.
Aqil Məmmədov vurğulayır ki, sənəddə tərəfdaş ölkələrdən hərbi xərclərin ÜDM-in 5%-inə çatdırılması hədəfi müəyyən olunub. Azərbaycan və Türkiyə isə artıq milli təhlükəsizlik prioriteti çərçivəsində dövlət xərclərinin 5%-dən çoxunu müdafiə qabiliyyətinin gücləndirilməsinə və hərbi sənaye kompleksinin inkişafına yönəldir.
Beləliklə, yeni strategiya ilə ABŞ qlobal polis rolundan imtina edir və regional güclərlə qlobal təhlükəsizliyin bölüşdürülməsini əsas götürür. Aqil Məmmədov bildirir ki, bu, Azərbaycan üçün həm təhlükəsizlik, həm də hərbi texnologiya sahəsində strateji imkanların genişlənməsi deməkdir.
