Bugun.tv xəbər verir ki, millət vəkili, bütün Türk Dünyasının sevilən şəxsiyyəti “Addım-addım Türkiyə – Qənirə Paşayeva ilə” televiziya layihəsinin təqdimatı keçirilib. Tədbirdə çıxış edən millət vəkili Nizami Cəfərov 36 gündür aramızda olmayan Q.Paşayevanın cəmiyyətdəki rolundan danışıb. Onun bu layihəni həyata keçirmək üçün Türkiyənin vilayətlərini addım-addım gəzdiyini diqqətə çatdırıb.
Sonra Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı Q.Paşayevanı tanıdığı gündən indiyə kimi dünya türklərinə olan sevgisindən, onlara verdiyi dəyərdən, fədakarlıqdan bəhs edib. Bu istiqamətdə gördüyü işlərdən danışıb.
Millət vəkili Arzu Nağıyev mərhum həmkarı ilə bağlı xatirələrindən söz açıb. Onun bu layihəni həyata keçirmək üçün 64 gün ərzində Türkiyənin 57 vilayətində olduğunu, gecə-gündüz, yorulmadan çalışdığını bildirib. Onun vaxtsız vəfatının Azərbaycan xalqı və bütün türk dünyası üçün ağır bir itki olduğunu vurğulayıb.
Sonra Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədova söz verilib. O, dəyərli jurnalist Q.Paşayevanın bu televiziya layihəsini ərsəyə gətirmək təklifindən, onun cəmiyyətdəki, türk dünyasındakı əhəmiyyətli rolundan danışıb. “Addım-addım Türkiyə sənədli filminin hələ 3 ay əvvəl təqdimatı olmalı idi. Ancaq bu günə təsadüf etdi.
Film Türkiyə Cumhuriyyətinin 100 illiyinə həsr olunub. Bu gün hər kəs buradadır. Ancaq təəssüf ki, Qənirə xanım aramızda yoxdur. Mən istərdim ki, 30 dəqiqəlik bu filmi hamı diqqətlə izləsin. Burada Qənirə Paşayevanın səsləndirdiyi sözlərdə, cümlələrdə, ifadələrdə örnək olacaq mənalı fikirlər var. Beləliklə, danışır Qənirə Paşayeva!”, – deyə, Rövşən Məmmədov filmə baxışı açıq elan edib.
Onu da deyək ki, bu ekran əsərinin rejissoru Elnurə Kazımovadır. “64 gün Türkiyənin bölgələrini birlikdə gəzdik. Qənirə xanım bir dəfə də olsun “yoruldum” demədi. Sanki tələsirdi. Layihəni başa çatdıra bilməyəcəyini hiss edirdi”, – E.Kazımova belə deyib.
Təqdimatda Q.Paşayevanın olduğu Türkiyənin 57 vilayətindən görüntülər, tarixi məkanlar və onun çıxışları yer alıb.
“Addım-addım Türkiyə Qənirə Paşayeva ilə” sənədli filmi 11 noyabrda, bölümlər şəklində, Azərbaycan televiziyasında izləyicilərə təqdim olunacaq.