Bugun.tv-yə daxil olan məlumata əsasən, Bakı Uşaq və Gənclər Teatrı “Addım-addım Vətəndə” layihəsi çərçivəsində Ağdam Dövlət Dram Teatrı ilə birgə Quzanlı qəsəbəsində tədbir keçirib.
Layihə Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən teatr kollektivləri ilə əməkdaşlığı nəzərdə tutur və “açıq qapı” prinsipi ilə tamaşalar və tədbirlər təşkil edir.
Bu səfər keçirilən tədbir Qələbəmizin 5 illiyinə həsr olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Aparıcılar – Ağdam Dövlət Dram Teatrının aktyoru Anar Əhməd və Bakı Uşaq və Gənclər Teatrının aktyoru Mehman Piriyev – hər iki teatrın tarixi, repertuarı və iştirak etdiyi beynəlxalq və daxili festivallar haqqında məlumat veriblər.
Layihənin əhəmiyyətindən danışan teatr rəhbərləri, Əməkdar artistlər İntiqam Soltan və Məhəmməd Hüseynov çıxışlarında tədbirin məqsədini diqqətə çatdırıblar. Proqram çərçivəsində Ağdam Dövlət Dram Teatrının aktyorları musiqi nömrələri və “Göyçək Fatma” tamaşasından səhnəciklər təqdim ediblər. Bakı Uşaq və Gənclər Teatrı isə “Qarınqulu ayı” və “Qırmızıpapaq” tamaşalarından səhnəciklər, həmçinin Tofiq İsgəndərlinin illuziya nömrələrini nümayiş etdirib.
Tədbirin sonunda Bakı Uşaq və Gənclər Teatrı Ağdam Dövlət Dram Teatrına təşəkkürnamə təqdim edib, eyni zamanda Ağdam Dövlət Dram Teatrı da Bakı Uşaq və Gənclər Teatrına Fəxri Fərman təqdim edib.
Layihə bundan əvvəl Lənkəran, Qusar və Füzuli bölgələrində həyata keçirilib. Və Bakı şəhərində bölgə teatrlarının iştirakı ilə festivalla yekunlaşdırılması nəzərdə tutulur.

