Alimlər ağcaqanadların nə vaxt insanları sancmaq istədiyini müəyyən edən bioloji mexanizmi üzə çıxarıblar. Yeni araşdırmaya görə, bu proses xüsusi reseptor vasitəsilə idarə olunur və gələcəkdə sancmaların sayını azaltmağa kömək edə bilər.
Tədqiqat göstərib ki, yalnız dişi ağcaqanadlar qanla qidalandıqdan sonra bir neçə gün ərzində yenidən hücum etmək istəmir. Bunun səbəbi qəbul edilən qanın yumurta inkişafı üçün zülala çevrilməsidir.
Alimlər müəyyən ediblər ki, iştahanın azalması NPYLR7 reseptoru ilə bağlıdır. Bu reseptor zədələndikdə, ağcaqanadlar toxluq hiss etmir və qanla qidalandıqdan sonra belə yeni qurban axtarmağa davam edir.
Araşdırmada qeyd olunur ki, insanlarda buna bənzər funksiyanı GLP-1 hormonu yerinə yetirir. Bu hormon toxluq siqnalının formalaşmasında iştirak edir və bəzi arıqlama dərmanlarında istifadə olunur.
Eksperimentlər zamanı alimlər aşkar ediblər ki, NPYLR7 reseptorunun aktivləşməsi bağırsaq hüceyrələrində kalsium ifrazını artırır və bu siqnallar beyin tərəfindən qəbul olunur. Bu isə göstərir ki, ağcaqanadların bağırsağı yalnız həzm orqanı deyil, həm də davranışı tənzimləyən mühüm sistemin bir hissəsidir.
Mütəxəssislər hesab edir ki, bu kəşf gələcəkdə ağcaqanad sancmalarının qarşısını almaq üçün yeni üsulların hazırlanmasına imkan verə bilər. Belə ki, xüsusi maddələrlə bu reseptorun fəaliyyətini dəyişdirərək, kimyəvi repellentsiz daha effektiv qorunma üsulları əldə etmək mümkün ola bilər.
Mənbə: mail.ru
