“15 may — Beynəlxalq Ailə Günü ailənin bəşəri dəyər kimi önəmini bir daha xatırladan, sevginin, qarşılıqlı anlayışın və birlik ruhunun təntənəsini əks etdirən mühüm gündür. Bu əlamətdar gün Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə 1994-cü ildən etibarən dünya miqyasında qeyd olunur. Azərbaycan isə 2008-ci ildən bu nəcib ənənəyə qoşulub.
Ailə yalnız qan qohumluğu ilə formalaşan bir birlik deyil — o, milli-mənəvi irsimizin daşıyıcısı, sabitliyin və rifahın təməlidir. Güclü ailələr güclü cəmiyyətin bünövrəsidir.
Müstəqil Azərbaycan dövlətinin ailə siyasətinin əsaslarının müəyyən olunması və milli dəyərlərə söykənən mütərəqqi yanaşmanın formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Ulu Öndər hər zaman vurğulayıb: “Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olub.”
Bu gün ölkəmizdə ailə institutu dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunur. Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ailə dəyərlərinin, milli-mənəvi irsimizin qorunması sahəsində mühüm təşəbbüslərlə çıxış edirlər. Dövlət başçımızın fikirləri bu sahədə yol xəritəsi kimi səslənir: “Milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır.”
Azərbaycan ailəsi–çoxəsrlik ənənələri, qarşılıqlı hörmətə, sevgi və fədakarlığa söykənən, müdriklik və əxlaqi dəyərlərlə zəngin bir modeldir. Bizim borcumuz bu modeli qorumaq, gücləndirmək və gələcək nəsillərə çatdırmaqdır. Çünki sağlam ailə sağlam gələcəyin təminatçısıdır.
Bu gün Beynəlxalq Ailə Günü münasibətilə bütün ailələrimizi təbrik edir, hər bir ocağa sevgi, birlik, anlayış, mərhəmət və rifah arzulayıram. Gəlin, ailə dəyərlərini yaşadaq, cəmiyyətin mənəvi sütunlarını möhkəmləndirək!
Ailə Gününüz mübarək olsun!
Yeni dövrün güclü Azərbaycanında sağlam ailə – parlaq gələcəyimizin zəmanətidir!”
Hicran Hüseynova Millət Vəkili