9 C
Baku
22 Dekabr 2024, 13:30
Mədəniyyət

Aktyora kastinq lazımdırmı?

Filmlər üçün keçirilən kastinqlərdən danışacağıq. Görəsən, bu tanınmış aktyorlara da lazımdırmı?

Əməkdar artist Nahidə Orucova deyir ki, hazırda keçirilən kastinqlər sadəcə, diqqət çəkmək üçündür. “Axı bu necə ola bilər ki, ssenarilər yazılır, lakin mən düşə bilmirəm, nəyə görə? Mənə deyirlər ki, sən arıqlamısan, şarımını itirmisən, bizə o faktura lazım idi”.

Əməkdar artist Nahidə Orucova Bugun.tv-yə bildirib ki, müasir dövrdə təşkil olunan film kastinqlərindən çox narazıdır. Sənətçi deyir ki, əvvəlki illərdə kastinqlər tamam başqa cür keçirilib.

“Mənim yadımdadır, əvvəllər fotoyoxlamalar olub. Obrazın kostyumlarını verirdilər, qrimini edirdilər. Deyirdilər ki, elə bax, belə fikirləş, onu çəkirdilər. Kinoşünaslar müzakirə edirdilər ki, bu fotoyoxlamadan keçdi. Sonra  kinoyoxlamalar başlayırdı. Bir səhnəni əzbərləyirdin, partnoyrunla oynayırdın. Elə filmlər olub ki, baş rol üçün sınayıblar. Kastinqdən keçmişəm, amma baş rola çəkilməmişəm, həmin filmdə başqa rola çəkilmişəm”.

Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov isə deyir ki, kastinq şirkətləri təkcə aktyor seçimi ilə məşğul olmur. “Bəzən ssenarilər aktyorları nəzərdə tutularaq yazılır. Amma kastinq agentliyi təkcə seçim etmir. İstənilən ulduz olsa belə, onun yaradıcı təqdimata ehtiyacı olmasa da, maliyyə və hüquqi tərəfini nizamlamaq üçün kastinq agentliyi ilə əməkdaşlıq etməlidir. Aktyorlar öz qonorarları uğrunda mübarizə aparmamalıdırlar. Mübarizəni onların agentləri aparmalıdır”.

Əli İsa Cabbarovun sözlərinə görə, kastinq agentliklərinin lazımlılığı ondadır ki, aktyorların hüquqları tapdanmasın, qonorarları yüksək olsun. “Ən azı onların çəkdiyi zəhmət adekvat olsun. Buna görə də, filmin aktyor heyətinin təsdiqində bu  agentliklərin rolu böyükdür”.

Qeyd edək ki, Kinematoqrafçılar İttifaqının nəzdində artıq kastinq agentliyi yaradılıb. “Kastinq agentlikləri mütləq olmalıdır. Onlar inkişaf etməlidir.  Azərbaycanda ən azı 2-3 belə şirkət yaradılmalıdır. Ona görə də, biz Səbuhi Məmmədlinin bu agentliyini dəstəklədik və onların saytının yaratmağına kömək etdik. Bir şərtimiz də oldu ki, bu agentlik onun əməkdaşlıq etdiyi aktyorlarla deyil, digər sənətkarlar üçün də əlçatan olmalıdır” -deyə, Ə.İ. Cabbarov bildirib.  

Beləliklə də, kastinqin düzgün təşkili filmin uğuruna kömək olacaq və hər sənətçi də öz rolunu layiqincə ifa edə biləcək.

Nigar Məmmədova

Oxşar xəbərlər

“Apatiya” filmi ictimaiyyətə təqdim edildi

Aynur Camal

“Kızılcık şerbeti” serialı niyə dayandırıldı? – AÇIQLAMA

Kəmalə Sultan

Süni intellekt ilk dəfə Şuşada! – VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu