Alimlər qırmızı saçlı insanlarda və bəzi quşlarda olan narıncımtıl piqmentin düşündüyümüzdən daha vacib rol oynadığını üzə çıxarıb.
Məlum olub ki, bu piqment təkcə saç və lələyə rəng vermir, eyni zamanda orqanizmi zərərli təsirlərdən qoruyur.
Söhbət feomelanin adlı piqmentdən gedir.
Bu maddə insanlarda qırmızı saç rənginin və açıq dərinin yaranmasına səbəb olur. İndiyə qədər alimlər bilirdilər ki, feomelanin dəri xərçəngi riskini artıra bilər.
Bu isə sual doğururdu: əgər bu qədər təhlükəlidirsə, niyə bu xüsusiyyət min illərdir insanlarda qalır?
Bu suala cavab tapmaq üçün alimlər zebra amadinası adlı quşlar üzərində təcrübə aparıblar. Araşdırma zamanı müəyyən edilib ki, orqanizmdə olan sistein adlı maddə çoxaldıqda bədən üçün zərərli olur. Feomelanin isə artıq bu maddəni özündə “yığıb”, zərərsiz hala salır.
Təcrübə göstərib ki, feomelanin istehsal olunmadıqda sistein orqanizmdə toplanır və hüceyrələrə ziyan vurur. Amma piqment normal şəkildə yarandıqda bu problem baş vermir. Yəni narıncı piqment bədəni bir növ “təmizləyici” rolunu oynayır.
Alimlərin fikrincə, məhz bu qoruyucu xüsusiyyətə görə qırmızı saçla bağlı genlər təkamül zamanı yox olmayıb. Dəri xərçəngi riski olsa da, orqanizmi daxildən qorumaq bu piqmentin əsas üstünlüyü hesab olunur.
Bu kəşf qırmızı saçlı insanlarla bağlı uzun illərdir cavabsız qalan suallara aydınlıq gətirir və göstərir ki, təbiətdə hər xüsusiyyətin bir səbəbi var.
Mənbə: mail.ru
