Alimlər qəhvənin tərkibindəki bəzi maddələrin orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edə biləcəyini müəyyən ediblər.
Araşdırma Texas A&M University alimləri tərəfindən aparılıb və nəticələr Nutrients jurnalında dərc olunub.
Tədqiqat göstərib ki, qəhvənin tərkibində olan bəzi turşular hüceyrələrdə yerləşən və iltihab proseslərinin tənzimlənməsində mühüm rol oynayan NR4A1 reseptoruna təsir edə bilir. Bu reseptor orqanizmin stress reaksiyası və iltihabi proseslərinin idarə olunmasında vacib hesab olunur.
Alimlər qeyd edirlər ki, əvvəllər aparılmış epidemioloji tədqiqatlar müntəzəm qəhvə istehlakının ölüm riskinin azalması və yaşla bağlı bəzi xəstəliklərin daha az görülməsi ilə əlaqəli olduğunu göstərmişdi. Lakin bu təsirin molekulyar mexanizmləri tam aydın deyildi. Yeni araşdırma qəhvənin hüceyrə səviyyəsində necə təsir göstərdiyini qismən izah edir.
Tədqiqat çərçivəsində alimlər qəhvə dənələrində olan bir neçə maddəni analiz ediblər. Onların arasında kofe turşusu, ferul turşusu, xlorogen turşusu, para-kumar turşusu, eləcə də kahveol və kafestol kimi birləşmələr yer alır.
Eksperimentlərin nəticələri göstərib ki, bu maddələr NR4A1 reseptoru ilə əlaqə yaradaraq hüceyrə proseslərinin fəaliyyətini dəyişə bilir və bu da iltihab reaksiyalarına təsir göstərə bilər.
Araşdırmada həmçinin müəyyən edilib ki, qəhvənin bütün komponentləri eyni dərəcədə təsir göstərmir. İçkinin əsas polifenolları reseptorla daha güclü qarşılıqlı təsir göstərdiyi halda, kofein və xin turşusunun təsiri daha zəif və qeyri-sabit olub.
Alimlərin fikrincə, əldə olunan nəticələr qəhvənin sağlamlığa mümkün faydalarını daha yaxşı anlamağa kömək edə bilər və gələcək tibbi araşdırmalar üçün yeni istiqamətlər açır.
Mənbə: mail.ru
