Bugun.tv xəbər verir ki, alimlər təbii dəri və sintetik əvəzedicilərə ekoloji alternativ kimi göbələk miselisindən hazırlanmış yeni material təqdim ediblər. Araşdırmanın nəticələri ACS Applied Bio Materials elmi jurnalında dərc olunub.
Məlumata görə, tədqiqatçılar əvvəllər istifadə olunan üsuldan fərqli olaraq, Trichoderma reesei göbələyinin miselisini böyük bioreaktorlarda yetişdiriblər. Daha sonra əldə olunan kütlə sellüloza və təbii sorbitolla qarışdırılaraq həm elastik, həm də möhkəm material əldə edilib. Bu material nazik təbəqələr şəklində hazırlanıb və ondan qadın çantasının prototipi tikilib.
Alimlər bildirirlər ki, yeni texnologiya materialın rəngini, teksturasını dəyişməyə, həmçinin onu parça üzərinə örtük kimi tətbiq etməyə imkan verir. Bu isə istehsal prosesini daha çevik və kütləvi istehsala uyğun edir.

Sınaqlar göstərib ki, göbələk mənşəli material möhkəmliyinə görə adi dəriyə yaxın nəticə göstərir. Bundan başqa, o, ekoloji baxımdan da üstün hesab olunur. Material suda təxminən 28 günə, kompost şəraitində isə 6 həftəyə tam parçalanır.
Tədqiqatçılar qeyd edirlər ki, materialın geniş sənaye tətbiqi üçün onun cırılmaya davamlılığının artırılması üzərində işlər davam edir. Bununla belə, mövcud biotexnologiya və poliqrafiya avadanlıqlarından istifadə etməklə istehsalın təşkil edilə bilməsi bu texnologiyanın gələcəyi üçün ümidverici hesab olunur.

Mənbə: Science Mail
