Avstraliyalı alimlər müəyyən ediblər ki, atmosferdə karbon qazının (CO₂) artması insanların qanının biokimyəvi tərkibinə təsir göstərir. Araşdırmaya görə, bu tendensiya davam edərsə, yaxın onilliklərdə əsas sağlamlıq göstəriciləri normadan kənara çıxa bilər. Bu isə xüsusilə uşaqlar üçün daha riskli hesab olunur.
Tədqiqat Air Quality, Atmosphere and Health jurnalında dərc edilib.
Mütəxəssislər ABŞ-ın Milli Sağlamlıq Araşdırmasının (NHANES) 1999–2020-ci illər üzrə təxminən 7 min iştirakçısının qan analizlərini təhlil ediblər. Nəticələrə əsasən, orqanizmdə CO₂ ilə əlaqəli göstərici olan serum bikarbonatın orta səviyyəsi 7 faiz artıb. Eyni zamanda qanda kalsium və fosforun konsentrasiyası azalıb.
Bu dəyişikliklər atmosferdə CO₂ səviyyəsinin artması fonunda baş verib: 2000-ci ildə 369 ppm olan göstərici hazırda 420 ppm-dən yuxarıdır.
Bikarbonat qanın turşu-qələvi balansını qoruyur. Karbon qazı artdıqda orqanizm pH səviyyəsini sabit saxlamaq üçün daha çox bikarbonat saxlayır. Tədqiqatın həmmüəllifi, dosent Aleksandr Larkomb bildirib ki, mövcud tendensiya davam edərsə, 50 il ərzində orta bikarbonat səviyyəsi sağlam diapazonun yuxarı həddinə çata bilər. Onun sözlərinə görə, əsrin sonuna doğru kalsium və fosfor səviyyələri isə aşağı həddə enə bilər.
Avstraliya Milli Universitetinin fəxri geoloq-ekoloqu, doktor Fil Birvirt isə insanların bu dəyişikliklərə uyğunlaşmağa çatmadığını vurğulayıb. Alimin sözlərinə görə, hazırkı CO₂ konsentrasiyası insan orqanizminin uyğunlaşdığı həddi artıq keçib və bu qaz bədəndə toplanmağa davam edir.
Tədqiqatçılar bildirirlər ki, qanın tərkibindəki dəyişikliklər iqlim risklərinin yeni ölçüsünü ortaya qoyur. Onların fikrincə, karbon qazı emissiyalarının azaldılması təkcə qlobal istiləşmənin qarşısını almaq üçün deyil, həm də insan sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Mənbə: mail.ru
