Bugun.tv xəbər verir ki, Almaniya hökuməti Rusiyadan bu ölkədəki 4 baş konsulluğunun ilin sonuna qədər bağlanmasını istəyib.
Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Burger xatırladıb ki, Rusiya aprel ayında Rusiyada alman personalının olmasını 350 nəfərlə məhdudlaşdırmaq qərarına gəlib və bu rəqəmə səfirlik və konsulluqlarda çalışanlar, həmçinin Rusiyadakı Alman məktəblərində və Höte İnstitutunda çalışanlar daxildir.
“Rusiya hökumətinin gərginliyi artıracaq addım atdığını” vurğulayan Burger, bu əsassız qərarın Almaniya hökumətini Rusiyada bütün sahələrdə əhəmiyyətli ixtisarlara getməyə məcbur etdiyini bildirib.
Almaniya hökumətinin Rusiyada minimum diplomatik varlığı saxlamağı hədəflədiyini ifadə edən Burger, Almaniyanın Rusiyadakı üç baş konsulluğunun noyabr ayının sonuna qədər bağlanacağını bildirib.
Yalnız Almaniyanın Moskvadakı səfirliyi və Sankt-Peterburqdakı baş konsulluğun xidmətə davam edəcəyini qeyd edən Burger, “Bu səbəbdən Almaniyada fəaliyyət göstərən 5 (Rusiya) baş konsulluğundan 4-nün fəaliyyət lisenziyasını geri götürməyə qərar verdik. ” dedi.
Burger, qərarın bu gün Rusiya Xarici İşlər Nazirliyinə bildirildiyi barədə məlumatı paylaşaraq, Rusiyadan bu istiqamətdə dərhal işlərə başlamasını və ən geci 31 dekabr 2023-cü ilə qədər tamamlamasını tələb etdiklərini bildirib.
Mənbə: İLKHA