Siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında yazır ki, Almaniyada keçirilən ABŞ-Ukrayna danışıqlarının nəticəsiz başa çatması istisna deyil.
“Almaniyada növbəti dəfə ABŞ-Ukrayna danışıqları aparılır. Prezident V. Zelenski bu danışıqlarda iştirak edir, ABŞ tərəfdən isə V. Putinin yaxın dostu S. Uitkof və C. Kuşner təmsil olunurlar. D. Trampın xüsusi nümayəndəsi S. Uitkof Donbasın Rusiyaya verilməsi müqabilində sülhün təmin olunması və Ukraynanın NATO-dan imtina etməsi təkliflərini irəli sürüb. Qeyd edək ki, Ukrayna NATO-dan imtina edə bilər, lakin V. Zelenski ölkəsinə təhlükəsizlik təminatının verilməsini tələb edir və bunun üçün ABŞ Konqresində qanun layihəsinin qəbulunu istəyir. ABŞ isə Ukraynanın hər iki təklifini qəbul etmir.
Hazırda danışıqlar bu kontekstdə davam edir və V. Zelenski ABŞ təklifi ilə ərazi güzəştinə getməyəcək; bu, onun səlahiyyətində deyil. Almaniyada keçirilən danışıqların Avropada təşkil olunması isə Ukraynanın mövqeyini gücləndirir. Rusiya Donbasın ona verilməsini tələb edir, Ukrayna isə Avropa İttifaqının dəstəyi ilə ABŞ və Rusiya qarşısında öz mövqeyini qorumaqda davam edir.
Beləliklə, ABŞ-Rusiya tandemi ilə Avropa İttifaqı-Ukrayna arasında siyasi qarşıdurma yaranır və tərəflər arasında prinsipial fikir ayrılıqları qalmaqdadır. ABŞ administrasiyasının Avropa İttifaqı ilə deyil, Rusiya ilə anlaşma əldə etməsi Qərb Alyansında uzun illər formalaşmış ABŞ-Avropa münasibətlərində dərin çat yaradıb və bu beynəlxalq siyasi nizamın deqradasiyasına səbəb olur”.
