Türkiyəli siyasətçi və hüquqşünas Onur Sinan Güzaltan bildirib ki, Müctəba Xameneinin İranın yeni ali lideri seçilməsi ölkənin xarici təzyiqlərə baxmayaraq siyasi kursunu dəyişmək niyyətində olmadığını göstərir.
Analitik bu barədə RIA Novosti agentliyinə açıqlamasında danışıb.
Məlumata görə, İran Ekspertlər Şurası ABŞ və İsrailin hücumları nəticəsində həlak olduğu bildirilən keçmiş ali lider Əli Xameneinin oğlu Müctəba Xameneinin ölkənin yeni ali lideri seçildiyini təsdiqləyib.
Əli Laricaninin sözlərinə görə, ABŞ-ın Ekspertlər Şurasının iclasına zərbə endirəcəyi ilə bağlı təhdidlərinə baxmayaraq, Müctəba Xamenei ali lider seçilib.
Onur Sinan Güzaltan qeyd edib ki, İran yayılan bəzi iddiaların əksinə olaraq Qərbə daha loyal dini lider seçməyib. Onun fikrincə, bu qərar İranın strateji kursunu dəyişməyəcəyini və xarici təzyiqlərə boyun əyməyəcəyini göstərir.
Ekspertin sözlərinə görə, bu addım həm də İranın qarşıdurmanı davam etdirməyə hazır olduğunu nümayiş etdirir. O bildirib ki, bu vəziyyət ABŞ və İsrail üçün tez bir zamanda kompromisə getməyəcək siyasi qüvvə ilə üzləşmək deməkdir.
Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrail İran ərazisində, o cümlədən Tehranda müxtəlif obyektlərə zərbələr endirməyə başlayıb. Hücumlar nəticəsində dağıntılar və mülki şəxslər arasında itkilər olduğu bildirilir.
Buna cavab olaraq İran İsrail ərazisinə və Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə zərbələr endirib.
Mənbə: mail.ru
