Bugun.tv xəbər verir ki, Böyük Britaniyada bir ananın qızının şəklində gördüyü qeyri-adi detal körpənin həyatını xilas edib.
Məlumata görə, 30 yaşlı Danielle Foggin ötən ilin may ayında 14 aylıq qızı Amelia Fogginnın yatmazdan əvvəl şəklini çəkib. Fotoşəkilə baxarkən ananın diqqətini körpənin gözündə yaranan ağ rəngli parıltı cəlb edib.
Bu detalın səbəbini araşdıran ana internetdə axtarış aparıb və həmin əlamətin uşaqlarda rast gəlinən nadir göz xərçəngi olan Retinoblastoma ilə əlaqəli ola biləcəyini öyrənib.
Ertəsi gün körpə həkim müayinəsinə aparılıb. Aparılan maqnit-rezonans tomoqrafiyası və digər müayinələrdən sonra Ameliaya “D dərəcəli retinoblastoma” diaqnozu qoyulub.
Həkimlər xərçəngin bədənin digər hissələrinə yayılmadığını müəyyən etdikdən sonra uşağın həyatını xilas etmək üçün gözün götürülməsi qərara alınıb.
Məlumata görə, ümumilikdə 13 əməliyyatdan sonra Amelia xərçəngdən tam xilas olub.
Mütəxəssislər valideynlərə uşaqların fotolarında göz bəbəyində ağ və ya qeyri-adi parıltı müşahidə etdikdə bunu diqqətdən kənarda qoymamağı tövsiyə edirlər.
Mənbə: Ensonhaber
