13 C
Baku
3 Dekabr 2025, 1:32
Digər

Araşdırma: 20–30 yaşlı artıq çəkili gənclərdə beyin zədələnməsinin erkən əlamətləri aşkarlanıb

Arizona Dövlət Universitetinin apardığı yeni araşdırma artıq çəkisi və ya piylənməsi olan 20–30 yaş arası gənclərdə “erkən neyron stressi”nin bioloji izlərinin formalaşdığını göstərib. Universitetin rəsmi saytında yayımlanan məlumatda bildirilir ki, bu yaş qrupunda bir sıra vacib neyrobioloji markerlərdə dəyişikliklər qeydə alınıb.

Tədqiqat nəticələrinə görə, həmin gənclərdə yüngül zəncirli neyrofilamentlərin səviyyəsi normadan yüksək olub. Bu protein adətən sinir hüceyrələri zədələndikdə qana keçir və onun artması yaddaş pozuntuları və neyrodegenerativ xəstəliklərin ilkin mərhələləri ilə əlaqələndirilir. Eyni zamanda, iştirakçılarda xolin səviyyəsinin aşağı olduğu müəyyənləşdirilib. Xolin sinir siqnallarının ötürülməsi və yaddaş üçün vacib olan asetilxolinin sintezində əsas rol oynayır.

Alimlər bildirirlər ki, xolin çatışmazlığı, iltihab və maddələr mübadiləsinin pozulması kimi metabolik stres amilləri simptomlar üzə çıxmadan belə gənc beyini zədələnməyə daha həssas edir. Bu isə gənclik yaşlarından başlayan piylənmənin təkcə ürək-damar sisteminə deyil, beyin sağlamlığına da ciddi təsir göstərə biləcəyini ortaya qoyur.

Araşdırma əvvəlki elmi işlərlə də uzlaşır: 21–50 yaş arasında artıq çəkili insanlarda yaddaşın zəifləməsi daha çox müşahidə olunur. Heyvanlar üzərində aparılan təcrübələr də “piyləndirici pəhrizin” hipokampın fəaliyyətini poza biləcəyini göstərib. Bununla belə, əvvəlki tədqiqatlar çəki azalmasının və fiziki aktivliyin beyin funksiyalarındakı mənfi təsirləri qismən geri çevirə bildiyini təsdiqləyib.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, markerlərin yüksəlməsi hələ demensiya və ya yaddaş pozuntularının mütləq inkişaf edəcəyi anlamına gəlmir. Bunlar risk siqnallarıdır və nəticələr həyat tərzi, qidalanma və fiziki aktivlikdən asılı olaraq dəyişə bilər.

Alimlərin tövsiyəsinə görə, gənc yaşdan çəkiyə nəzarət, sağlam pəhriz və xolinlə zəngin qidaların (yumurta, balıq, paxlalılar və s.) qəbulu beyni uzunmüddətli risklərdən qorumağa kömək edə bilər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Şəhidlər ölməz, vətən bölünməz!

Aynur Camal

Meymunçiçəyi laboratoriyada yaradılmayıb? İddialar təkzib edildi.

Aynur Camal

Bədənimizdəki xallar nədən xəbər verir?

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu