Bugun.tv -yə daxil olan məlumata əsasən, 24 may 2025-ci il tarixində “Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” mövzusunda konfrans keçiriləcək.
Konfrans “Sağlamlığın Qorunması” İctimai Birliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin birgə təşəbbüsü ilə reallaşdırılır.
Konfrans “Sağlam Addımlar: Artıq Çəkiyə Son” layihəsinin tərkib hissəsi olaraq həyata keçiriləcək və ictimaiyyətdə piylənmənin yaratdığı sağlamlıq riskləri barədə məlumatlılığın artırılmasını, eləcə də sağlam həyat tərzinin təbliğini hədəfləyir.
QEYD: Konfransın əsas məqsədi piylənmənin profilaktikası, diaqnostikası və müalicəsi sahəsində müasir tibbi yanaşmaları işıqlandırmaqla yanaşı, bu istiqamətdə yerli və beynəlxalq mütəxəssislərin təcrübə mübadiləsinə şərait yaratmaqdır. Tədbirin əsas istiqamətlərindən biri də piylənmənin yaratdığı sağlamlıq fəsadlarına – ürək-damar, endokrin və digər sistem xəstəliklərinə diqqət çəkmək, ictimai maarifləndirməni gücləndirməklə risk faktorlarının azaldılmasına töhfə verməkdir. Tədbir zamanı “Sağlam arıqlama, immunitetin gücləndirilməsi və gənc qalmağın təbii yolları”, “Artıq çəki və piylənmə – ürək-damar xəstəliklərinin risk amilləri”, “Piylənmə olan uşaqlarda həkim-xəstə münasibətlərinin etik aspektləri”, Ölkəmizdə Aşırı Piylənmənin Cərrahi Müalicəsi və keçdiyi yol” və s. mövzuları ətrafında müzakirələr aparılacaq.
Konfransda Azərbaycanla yanaşı, Türkiyədən də tanınmış mütəxəssislər iştirak edəcək və öz ölkələrində bu sahədə tətbiq olunan qabaqcıl elmi-praktiki yanaşmaları təqdim edəcəklər. Bu, iştirakçılara beynəlxalq təcrübədən faydalanmaq və regional əməkdaşlıq imkanlarını genişləndirmək imkanı yaradacaq.
Konfransın açılışını “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, t.e.d. Yazgül Abdıyeva edəcək. Daha sonra millət vəkili, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə Heyətinin sədri, t.e.d. Rəşad Mahmudov, TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama Departamentinin rəhbəri Prof. Hikmət İbrahimli və Yeni Klinikanın direktoru, dr. Barat Yusubov çıxış edəcəklər.
Konfransın davamında iştirakçılara mövzu ilə bağlı videoçarx təqdim olunacaq, daha sonra isə bədii hissə ilə proqram davam etdiriləcək.
Konfransda Millət vəkili, t.e.d. Rəşad Mahmudov “Ateroskleroz və kliniki protokollar; necə etməliyik və nə üçün?” mövzusunda, Türkiyədən dəvət olunmuş tanınmış həkim və sağlam qidalanma üzrə uzman dr. Ender Saraç “Sağlam arıqlama, immunitetin gücləndirilməsi və gənc qalmağın təbii yolları”, tanınmış yazar və ailə məsləhətçisi Mehtap Şafak “Bədənin aclığı, ruhun boşluğudur”, t.ü.f.d. Ağayeva Gülnarə “Metabolik sindrom fonunda inkişaf edən qaraciyər problemləri”, t.ü.f.d. Rafiq Yusifli “Artıq çəki və piylənmənin ürək-damar xəstəlikləri üçün yaratdığı risklər”, oftalmoloq-cərrah, t.ü.f.d. Mirana Mirişova “Sağlam qidalanmanın görmə orqanının funksiyalarına təsiri mövzusunda çıxış edəcək. Bundan əlavə, Dr. Afət Məhəmmədli piylənmənin diaqnostikasında istifadə olunan laborator üsullardan bəhs edəcək.
Konfransın ikinci hissəsində isə t.e.d. Yaqut Hacıyeva “Piylənmənin müasir dövrdəki tibbi və sosial aspektləri”, t.ü.f.d. Təranə Tağızadə “Piylənmədən əziyyət çəkən uşaqlarla həkim-xəstə münasibətlərinin etik tərəfləri”, Türkiyədən ailə dizimi tətbiqedicisi Kader Bekmezci Demiralp “Həyatın siyasəti”, qastroenteroloq, hepatoloq, dr. Arzu Hüseynova “Piylənmə fonunda inkişaf edən xroniki pankreatitin gedişatı”, t.ü.f.d. Tarıyel Ömərov “Ölkəmizdə bariatrik cərrahiyyənin inkişaf yolu və bugünkü vəziyyəti”, endokrinoloq dr. Xəyyam Eyvazov “Piylənmə ilə yanaşı inkişaf edən Tip 2 diabetin xüsusiyyətləri və müalicə yanaşmaları”, dietoloq dr. Nərmin Novruzova “Epigenetikanın piylənmənin müalicəsindəki rolu” mövzularında çıxışlar səsləndiriləcək.