10 C
Baku
12 Dekabr 2024, 14:29
Baş xəbərDünya

Arxeoloqlar Uelsdə erkən orta əsrlərə aid məzarlıq aşkar etdilər

Uels tədqiqatçıları tərəfindən yaşı 1400 il olan məzarlıq aşkar edilib. Onlar erkən orta əsrlərə aid bu qəbiristanlığı adi məzarlıq yox, qəribə və çoxlu suallar doğuran bir yer olduğunu bildiriblər.

Bugun.tv xarici KİV-ə istinadla xəbər verir ki, Fonmon qəsri ətrafında aparılan qazıntılar zamanı aşkar edilən məzarlıq Kardiff hava limanının uçuş-eniş zolağının yaxınlığında yerləşir. Kardiff Universitetinin tədqiqatçıları qəbiristanlıq ərazisində təxminən VI və VII əsrə aid olduğu ehtimal edilən 80 cəsədin dəfn edildiyini güman edirlər.

Qazıntılara rəhbərlik edən erkən orta əsrlər üzrə arxeoloq Endi Simanın deyib: “Bu həqiqətən çox maraqlı tapıntıdır. Sözügedən dövrə aid olan tarixi abidələrə Uelsdə nadir hallarda rast gəlinir, həm də belə məkanların əksəriyyətində sümüklər və artefaktlar saxlanılmayıb. Fonmon məzarlığı bu ərazidə yaşayan insanlar haqqında çoxlu maraqlı məlumatlar əldə etməyə imkan yaradacaq”.

Yaxınlıqdakı qaladan təxminən beş əsr əvvəl mövcud olmuş bu məzarlıq artıq burada dəfn olunan insanların həyatına yenidən nəzər salmaq fürsəti yaradıb. Belə ki, “BBC News” nəşrinin məlumatına əsasən, tədqiqatçılar “gözlənilməz artefaktlar” və “qeyri-adi vəziyyətdə” uzanmış skeletlər aşkar ediblər. Bəzi cəsədlərin ənənəvi olaraq arxası üstdə, bəzilərinin yanakı, bəzilərinin isə dizləri sinəsinə sıxılmış vəziyyətdə dəfn edildiyi məlum olub.

Cəsədlərin niyə bu formada dəfn edildiyinin səbəbi hələ sirr olaraq qalsa da, tədqiqatçılar, onların çox yaxşı vəziyyətdə olan sümüklərindən bir çox şeyi öyrənməyə nail ola biliblər. Bu barədə sözügedən nəşrə Redinq Universitetinin osteoarxeoloqu Sammer Korts məlumat verib.

“Aşkar edilən cəsədlərin dişləri maraqlı şəkildə təhrif edilib, bu isə həmin insanların öz dişlərindən alət və əl altında olan vasitə kimi istifadə etdiklərindən xəbər verir” – S.Korts bildirib. – Tekstil, dəri məmulatları, yaxud səbətlərin hörülməsi üçün onlar güman ki, ön dişlərindən daha çox istifadə ediblər”.

Həmçinin, tədqiqatçılar insan qalıqlarının yanında hissələrə ayrılmış və hazır məmulat halına salınmış metal emalı qırıqlarını və heyvan sümüklərinin hissələrini aşkarlayıblar. “The Guardian” nəşrinin yazdığına görə, hətta tapılan kiçik və kəsilmiş sümük payacıq stolüstü oyun fiqurlarını xatırladır.

Mütəxəssislər, idxal olunduğu güman edilən içki şüşələrinin qırıntılarına da rast gəliblər. Onlardan birinin çox güman ki, hazırda Fransanın öz ləziz şərabı ilə məşhurlaşmış Bordo əyalətindən gətirilmiş konus formalı şüşəyə aid olduğu bildirilir. Bundan əlavə, tədqiqat qrupu Şimali Afrikada istehsal olunduğu ehtimal edilən keramika məhsullarının qalıqlarını tapıblar.

“Bu qazıntı nümunələrinin aşkar edilməsinə baxmayaraq, qəbiristanlıq ərazisində insanların yaşamasına dair dəlillər yoxdur, bu yer çox güman ki, ritual və ayinlərin, vəfat edənlərin dəfndən sonrakı mərasimlərinin, habelə bayram ziyafətlərinin keçirildiyi məkan olub”, – deyə E.Siman açıqlayıb.

Qazıntı işləri davam etdirilir və tədqiqat qrupu bu məzarlıqdan istifadə edən insanların adət-ənənələri, xüsusilə, həyata və ölümə münasibətləri barədə daha çox məlumat əldə etmək niyyətindədir.

“Biz məzarlıqlara əslində heç vaxt getmədiyimiz qapalı məkanlar kimi baxmağa öyrəşmişik, lakin belə yerlər, görünür, keçmişdə insanların həyatında vacib rola malik olub. Bu ərazi sadəcə insanların dəfn edildiyi yer yox, həm də icmaların birgə toplaşdığı məkan olub”, – deyə E.Siman əlavə edib.

İntizar Əmirova

Oxşar xəbərlər

UNESCO İcraiyyə Şurasının 215-ci sessiyasında tarixi qərar qəbul edilib

Aynur Camal

Yol qəzası: 5 ölü, 1-i ağır yaralandı

Bugün TV

ABŞ-dakı türk cəmiyyəti erməni təxribatına imkan vermədi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu