35 C
Baku
20 İyul 2025, 11:24
MədəniyyətSiyasət

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi keçirilib

Bugun.tv– xəbər verir ki, Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının I cildinin təqdimatı keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, millət vəkili Vasif Qafarov, YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, rayonun idarə, müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Ulu Öndərin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

İcra başçısı Qəzənfər Ağayev tədbirdə çıxış edərək qeyd edib ki, qədim dövlətçilik tarixinə malik olan Azərbaycan, Avropa ilə Asiya qitəsinin qovşağında, zəngin yerüstü və yeraltı sərvətlərə malik, əlverişli coğrafi mövqeyi olan bir ərazidə yerləşdiyindən daim diqqət mərkəzində olub. Bu torpaqlarda gözü olan yadellilər müxtəlif tarixi dönəmlərdə işğalçılığa çalışsalar da, qəhrəman xalqımız heç vaxt düşmənə boyun əyməyib, qəsbkarlara qarşı qəhrəmanlıqla mübarizə aparıb.

Minilliklərlə bu torpaqlarda yaşamış soydaşlarımız ən böyük xəyanəti buraya xeyli sonralar köçmüş və xeyirxah xalqımızın doğma vətənində yaşamaq üçün yer verdiyi bədxah ermənilərdən görüblər. Azərbaycan xalqı tarixi-etnik torpaqları olan Qərbi Azərbaycanda dəfələrlə deportasiya və soyqırıma məruz qalıb. Erməni vandalları müxtəlif tarixi dönəmlərdə havadarlarının yaxından köməkliyi ilə on minlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetirib, yurdlarından didərgin salıb, şəhər və kəndlərimizi xarabalığa çevirərək talan edib, tarixi abidələri, məscidləri, qəbiristanlıqları viran qoyub, qədim Azərbaycan coğrafi adlarını dəyişdirərək tarixi izləri itirməyə çalışıblar.

2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi, qəhrəman oğullarımızın fədakarlığı ilə torpaqlarımız işğaldan azad olunub, dövlət suverenliyi tam bərpa olunub.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda cənab Prezidentin rəhbərliyi ilə sürətli tikinti-quruculuq, bərpa işləri gedir. Soydaşlarımız mərhələli şəkildə doğma yurdlarına qayıdırlar. Dövlətimizin hədəfi azərbaycanlıların həm də Qərbi Azərbaycan tarixi torpaqlarına qayıdaraq, təhlükəsiz yaşamasıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə İrəvan Xanlığı haqqında geniş tədqiqatlar aparılıb və fundamental tarixi əsərlər yaradılıb. Bu gün məhz bu tədqiqatların nəticəsi olaraq yeni nəşr olunan “Qərbi Azərbaycan irsi” kitabının birinci cildinin təqdimatıdır. İnanırıq ki, kitabda Qərbi Azərbaycanla bağlı təqdim olunan tarixi həqiqətlər həm ölkə vətəndaşları, həm də beynəlxalq ictimaiyyət üçün çox dəyərli bir mənbə olacaqdır.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, tarix elmləri doktoru Vasif Qafarov çıxış edərək bildirib ki, Qərbi Azərbaycan ərazisi tarix boyu hər zaman Azərbaycan dövlətlərinin ayrılmaz tərkib hissəsi olub, bu ərazidə həmişə azərbaycanlılar yaşayıblar və bu ərazi tarix boyu azərbaycanlılar tərəfindən idarə olunub. 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında, tarixi İrəvan xanlığı ərazisində 9 min km² ərazidə erməni dövləti yaradıldı. Sovet hakimiyyəti dövründə Ermənistanın ərazisi məhz Azərbaycan torpaqları hesabına genişləndirilərək 29,8 min km²-ə çatdırıldı. 1905-1907, 1918-1920-ci illərdə ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirildi və bu siyasət 1948-1953, 1987-1994-cü illərdə də davam etdirildi.

Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın əzəli torpaqlarına qayıdışının milli qürur və ləyaqətimizin müdafiəsi olduğunu, Prezident cənab İlham Əliyevin əzmi və qətiyyəti ilə onların təhlükəsiz şəkildə öz doğma torpaqlarına qayıdacaqlarına əmin olduğunu bildirən Vasif Qafarov qeyd edib ki, cənab Prezidentin tövsiyəsi ilə Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və qeyri-maddi mədəni irsi, məruz qaldıqları tarixi ədalətsizliklər və cinayətlər, itirdikləri maddi-mənəvi sərvətlər haqqında davamlı tədqiqatlar aparılmaqdadır. Bu istiqamətdə müasir elmi yanaşmalara uyğun yeni fundamental araşdırma – “Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyası nəşr edilməyə başlanılıb. “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildi seriyanın ilk nəşridir və Azərbaycan, ingilis, rus dillərində nəfis tərtibatla çap edilib. Seriyanın 5 hesabatdan ibarət olması nəzərdə tutulub. I, II, III hesabatlarda Qərbi Azərbaycanda Ermənistan dövləti tərəfindən məqsədli şəkildə dağıdılan azərbaycanlılara məxsus qəbiristanlıqlar, IV hesabatda məscidlər, V hesabatda isə pirlər və türbələr öz əksini tapacaqdır.

Tədbirdə Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, orada yaşamış soydaşlarımızın məruz qaldığı tarixi ədalətsizlikdən bəhs edən videoçarx  nümayiş etdirilib.

Aynur Camal

Oxşar xəbərlər

İbrahim Tatlısəsin seçki sonrası paylaşımı təəccübləndirdi: “Seçkidə uduzdum, evlənirəm”

Bugün TV

Kişi var ki

Aynur Əfəndi Zadə

Rusiyalı diplomat Ukraynadakı müharibəni tənqid etdikdən sonra istefa verib

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu