Bugun.tv xəbər verir ki,kosmik texnologiyalar sahəsində innovativ yeniliklərin müzakirəsinə həsr edilən Beynəlxalq Astronavtika Konqresi qlobal miqyasda etimad göstərilən mötəbər tədbirlərdəndir. Bu baxımdan deyə bilərik ki, 74-cü Konqresin Bakıda keçirilməsi həm də Azərbaycana olan etimadın göstəricisidir. 100-dən artıq ölkəni təmsil edən 5 000-ə yaxın mütəxəssisin Bakıda toplaşması ciddi çalışmaların nəticəsidir. Ölkəmizdə kosmik sənayenin inkişafına təkan verilməsi, beynəlxalq kosmik icma ilə təmasların intensivləşdirilməsi, həmçinin Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsi bu konqresin Bakıda keçirilməsini şərtləndirən amillər sırasındadır.
Bu sözləri AZƏRTAC-a açıqlmasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində iştirak edib nitq söyləməsi Azərbaycanın bu tədbirə ciddi önəm verdiyini göstərir. Azərbaycan Prezidentinin nitqindən belə nəticəyə gəlmək olar ki, ölkəmizdə kosmik sənayenin daha da inkişaf etditrilməsi üçün sərmayələrin artırılması planlaşdırılır. Azərbaycanın 10 ildən artıq bir müddətdə beynəlxalq kosmos klubunda təmsilçiliyini, həmçinin 45 ölkəyə xidmət göstərən 2 telekommunikasiya və 1 Yer səthinin müşahidəsi peykinə sahib olması faktını qeyd edən dövlətimizin başçısı xüsusi şəkildə vurğuladı ki, bütün bu proseslər azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur.
“Prezident İlham Əliyevin 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışı ölkəmizin texniki imkanlarının təqdimatı ilə yanaşı, həm də siyasi yükü ilə diqqət çəkdi. Dövlətimizin başçısının çıxışı dünyanın aparıcı güclərinə, həmçinin Azərbaycanın dostlarına və düşmənlərinə ünvanlanmış siyasi mesajlarla zəngin oldu. Qeyd olundu ki, Azərbaycanda kosmik sənayenin inkişafına uzun illər öncədən təşəbbüs göstərilib. Hətta Azərbaycan Sovetlər İttifaqının tərkibində olduğu dövrdə Ümummilli Lider Heydər Əliyev Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi üçün təşəbbüs göstərib. Məhz onun səyləri nəticəsində 50 il qabaq Astronavtika Konqresinin Bakıda keçirilməsi mümkün olub. Amma Azərbaycanda kosmik sənayenin inkişaf etdirilməsi yönündə təşəbbüslər məhz Azərbaycanın müstəqilliyi dövründə ciddi nəticələr verib. Prezident İlham Əliyev xüsusi şəkildə vurğuladı ki, Azərbaycan öz müstəqilliyi dövründə qlobal şəkildə diqqət çəkən həm texniki, həm də siyasi nailiyyətlər qazanıb. Ölkəmiz beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Beynəlxalq ictimaiyyətin fəal üzvü kimi Azərbaycan siyasi, iqtisadi, regional inkişaf proqramlarında iştirak edir. Həmçinin BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Ölkəmiz bu statusu qazanmaq üçün 120 ölkənin yekdil qərarını alıb”,-deyə ekspert bildirib.
Müxbir: İntizar Əmirova