Şəkidə atasını öldürdükdən sonra onun mobil telefonunu satan oğul saxlanılıb.
Bu barədə Bugun.tv-yə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Belə ki, Şəki rayonunun İnçə kənd sakini, 64 yaşlı İsmayıl Gülüyevin yaşadığı ünvanda meyitinin aşkar edilməsi barədə Şəhər-Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Şəki Şəhər Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Zəruri cinayət-prosessual hərəkətlər yerinə yetirilib.
Araşdırma zamanı İsmayıl Gülüyevin şəxsi münaqişə zəminində oğlu, 25 yaşlı Katıf Gülməmmədli tərəfindən mayın 4-də boğularaq öldürülməsi və atasını öldürdükdən sonra onun mobil telefonunu Bakı şəhərinə apararaq orada satması müəyyən edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Katıf Gülməmmədli tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
