Avropa ölkələri ABŞ administrasiyasının Ukraynada müharibəni sonlandırmaq üçün irəli sürdüyü yeni sülh planına münasibət bildirməyə çalışır. Planın sürətlə həyata keçirilməsini nəzərdə tutan “aqressiv zaman qrafiki” isə Avropa paytaxtlarında ciddi müzakirələrə səbəb olub.
Ukrayna Prezidenti Volodimir Zelenskiy videomüraciətində bildirib ki, Kiyev yalnız ədalətli və davamlı sülh naminə danışıqlara hazırdır. Onun sözlərinə görə, Ukraynanın müstəqilliyi, suverenliyi və xalqın ləyaqəti mütləq qorunmalıdır. Zelenskiy həmçinin əlavə edib ki, Ukrayna və ABŞ komandaları artıq plan üzərində işləməyə razılaşıb və yaxın günlərdə ABŞ prezidenti Donald Trampla danışıqlar gözlənilir.
Avropa İttifaqının Xarici Siyasət üzrə Ali Nümayəndəsi Kaja Kallas bəyan edib ki, hər hansı sülh təşəbbüsündə Ukraynanın və Avropa ölkələrinin iştirakı mütləqdir. O vurğulayıb ki, Rusiyanın tələblərinə həddindən artıq güzəşt edilməsi gələcəkdə ədalətli və dayanıqlı sülhə nail olmaq ehtimalını zəiflədə bilər.
Mənbə: The Guardian
