“2030-cu il ssenarisi göstərir ki, ABŞ-ın NATO-dan çəkilməsi və ya iştirakını azaltması nəticəsində Avropanın müdafiə qabiliyyəti ciddi şəkildə zəifləyəcək və bu, onu çox həssas vəziyyətə salacaq”.
Bugun.tv xəbər verir ki, bu sözləri politoloq Aqil Məmmədov facebook hesabında bildirib.
Onun sözlərinə görə, Çin və Rusiyanın güc nümayişi, NATO-nun Avropadakı müttəfiqləri üçün real təhlükə yaradıb. ABŞ-ın Avropaya hərbi dəstəyinin azalması halında, Avropa ölkələri üçün bir sıra mühüm suallar ortaya çıxır:
- Nə edək?
- Necə edək?
- Necə maliyyələşdirək?
Qeyd edək ki, həmçinin bu məsələni Financial Times nəşri ətraflı şəkildə araşdırıb.
“Avropanın ABŞ olmadan müdafiə qabiliyyətini artırması üçün bir sıra əsas problemləri həll etməsi tələb olunur:
İlk növbədə, ABŞ-ın öz iştirakını azaltmasından sonra yaranacaq açıq məsələləri necə həll etmək lazım olduğunu müəyyən etmək lazımdır. Ancaq ABŞ-ın təmin etdiyi hərbi texnika və logistikanı əvəz etmək Avropa üçün çətin və bəzən mümkünsüz görünür. Məsələn, C-17 təyyarələri və F-35 döyüş təyyarələri kimi vasitələri praktik olaraq əvəzləmək çətindir.
ABŞ-ın NATO-dakı liderliyi, Avropadakı koordinasiya və əməliyyat planlaşdırması üçün çox vacibdir. ABŞ-ın NATO-da iştirakını azaltması liderlik boşluğu yarada bilər. Bu boşluq, Avropa ölkələri arasında fikir ayrılıqlarına səbəb ola bilər və nəticədə daxili ziddiyyətlər vahid müdafiə strategiyasının həyata keçirilməsini çətinləşdirə bilər.
ABŞ-ın prosessdən çəkilməsi və Avropada yarana biləcək müdafiə açığını doldurmaq üçün böyük həcmdə vəsaitə ehtiyac yaranacaq. Bu vəsaiti tapmaq mümkün olsa da, o, milli iqtisadiyyatlara ciddi təzyiq göstərə bilər. Eyni zamanda, maliyyə tapılması ilə paralel olaraq, vahid müdafiə sənayesinin və standartlarının olmaması da əlavə problemlər yaradır. Məsələn, #Ukrayna ordusuna müxtəlif ölkələrdən göndərilən döyüş sursatlarının eyni texnikada istifadə edilməməsi ilə bağlı mütəmadi xəbərlər yayılır. Bu, əməliyyat məsələlərində problemlərə yol açır.
Avropa ölkələri son illərdə müdafiə xərclərini artırsa da, bu hələ də kifayət deyil. NATO-nun 2%-lik ÜDM xərcləmə hədəfi bəzi ölkələr üçün artıq əldə edilsə də, bu həddin də artırılması zəruridir. Bununla yanaşı, müdafiə sənayesinin birləşdirilməsi və resursların birgə istifadəsi Avropanın müdafiə qabiliyyətini artırmaq üçün əsas şərtlərdəndir.
Rusiyanın Ukraynaya qarşı müharibəsi Avropanın müdafiə strukturlarındakı zəiflikləri ortaya qoydu. Baltikyanı ölkələr və Polşa təhlükəsizlik məsələlərinə daha çox önəm verərək, NATO-nun şərq cinahını gücləndiriblər.
Beləliklə, Avropa ABŞ-ın müdafiə dəstəyi olmadan özünü müdafiə edə bilər, lakin bu, ciddi maliyyə, siyasi və sənaye səyləri tələb edir. Bunun üçün həm milli səviyyədə, həm də Avropa İttifaqı daxilində həmrəylik və koordinasiya vacibdir”.