Qərbi Avropa ölkələri tarixlərinin ən isti günlərindən birini yaşayıb, İspaniya və Portuqaliyada termometrlər 46 dərəcədən yuxarı qalxıb. İtaliya və Fransada meşə yanğınları artıb, Belçikada isə sağlamlıq riskləri səbəbindən narıncı xəbərdarlıq edilib.
İspaniyanın Huelva şəhərində havanın temperaturu 46 dərəcəyə çatıb. Portuqaliyanın paytaxtı Lissabon yaxınlığındakı Morada 1950-ci illərdən bəri qeydə alınan ən yüksək temperatur 46,6 dərəcə olub. Səlahiyyətlilər hava istilərinin ölkədə həftə boyu təsirli olacağını açıqlayıb.
Həddindən artıq istilər İtaliyada meşə yanğınlarının sürətlə yayılmasına səbəb olub. Roma, Milan, Florensiya və Verona da daxil olmaqla 17 bölgədə qırmızı xəbərdarlıq elan edilib. Fransanın 95 əyalətindən 84- də 40 dərəcəni keçən temperatur səbəbindən narıncı həyəcan vəziyyəti elan edilib. Bir çox bölgələrdə təhsilin dayandırılacağı açıqlanıb.
Bu gündən etibarən isti dalğasının şimala keçəcəyi və Belçika və Hollandiyaya təsir edəcəyi gözlənilir. Belçika Kral Meteorologiya İnstitutu çərşənbə axşamı və çərşənbə günü temperaturun 38 dərəcəyə çatacağını açıqlayıb. Səlahiyyətlilər körpələrə, qocalara və xroniki xəstəliyi olan vətəndaşlara zərurət olmadıqca çölə çıxmamaq barədə xəbərdarlıq edib.
Həddindən artıq isti və yüksək rütubətin birləşməsi xüsusilə tənəffüs və ürək xəstəlikləri olan insanlar üçün ciddi risk yaradacağı vurğulanıb. Bu səbəbdən Belçikada narıncı həyəcan səviyyəsi elan edilib.
Mənbə: Ahaber