Böyük Britaniyada Avropanın böyük hava limanlarına edilən kiberhücumdan sonra bir nəfər saxlanılıb.
Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) ABŞ-da yerləşən Collins Aerospace şirkətini hədəf alan kiberhücumla bağlı araşdırmaya başladığını açıqlayıb. Sentyabrın 19-da şirkətin təyyarəyə minmə sistemlərində yaranan nasazlıq Avropanın bir sıra böyük hava limanlarında, xüsusilə London Hitrouda uçuşlarda ciddi fasilələrə səbəb olub.
NCA və Temza Vadisi Polisinin SEROCU (Cənub-Şərqi Regional Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) birgə əməliyyat keçirib. Açıqlamada 40 yaşlarında bir kişinin Kompüterdən Sui-istifadə Aktı çərçivəsində saxlanıldığı bildirilib. Şübhəli şəxs şərti olaraq sərbəst buraxılıb.
Milli Kibercinayətkarlıq Departamentinin direktor müavini Paul Foster istintaqın hələ ilkin mərhələdə olduğunu bildirib: “Kibercinayətkarlıq bütün dünyanı təhdid edir və Böyük Britaniyada ciddi pozuntulara səbəb olur”.
Sentyabrın 19-da başlayan kiberhücum Brüssel, Berlin və London hava limanlarına təsir göstərib. Sərnişinlərin qeydiyyatı və minmə prosedurları xüsusilə pozulub. Hücumun yaratdığı problemlərin sentyabrın 22-nə qədər davam etdiyi bildirilir.
Mənbə: EnSonHaber