Avropa İttifaqı Komissiyası qitə üzrə artan meşə yanğınları ilə mübarizə məqsədilə yeni strategiya təqdim edib.
Rəsmi açıqlamaya əsasən, strategiya yanğınların qarşısının alınması, hazırlıq, operativ müdaxilə və bərpa mərhələlərini əhatə edən kompleks yanaşmanı nəzərdə tutur. Sənədin əsas məqsədi Avropanın yanğınlara qarşı dayanıqlığını artırmaq, vətəndaşları, ətraf mühiti, infrastrukturu və mədəni irsi daha effektiv qorumaqdır.
Bildirilib ki, son illərdə iqlim dəyişikliklərinin təsiri ilə meşə yanğınlarının miqyası və intensivliyi artıb. Xüsusilə 2025-ci ildə qitə üzrə 1 milyon hektardan çox ərazinin yanması ilə ən ağır mövsüm qeydə alınıb.
Yeni strategiyada profilaktik tədbirlərin gücləndirilməsinə xüsusi önəm verilir. Bu çərçivədə təbii əsaslı həllər tətbiq edilərək yanğına davamlı landşaftların formalaşdırılması və risklərin azaldılması planlaşdırılır.
Eyni zamanda, vətəndaşların maarifləndirilməsi də əsas istiqamətlərdən biri olacaq. Təhsil proqramları genişləndiriləcək, gənclər arasında yanğın təhlükəsizliyi ilə bağlı məlumatlılıq artırılacaq.
Strategiya çərçivəsində yanğınlara müdaxilə imkanlarının da gücləndirilməsi nəzərdə tutulur. Riskli bölgələrdə əvvəlcədən yanğınsöndürən qüvvələrin yerləşdirilməsi, ölkələr arasında əməkdaşlığın artırılması və peyk texnologiyaları ilə monitorinq sistemlərinin inkişafı planlaşdırılır.
Mənbə: Anadolu Agentliyi
