Bugun.tv xəbər verir ki, son illər sənayedə baş verən sürətli texnoloji inkişaf zədələnmiş avtomobillərin təmir prosesinə ciddi təsir edib və mütəxəssis tələbatı yaradıb. Bu yeniliklər avtomobillərdə mexaniki və elektron komponentlərin inteqrasiyasını artırır. Bu da öz növbəsində təmir prosesini daha da mürəkkəbləşdirir. Belə ki, ənənəvi mexaniki təmir işləri kompüter əsaslı sistemlər, sensorlar və mürəkkəb proqram təminatı ilə əvəz olunur. Amerika Avtomobil Assosiasiyasının araşdırmasına görə, gələcəkdə təhlükəsizlik xüsusiyyətləri ilə təchiz edilən avtomobillər ən kiçik qəzalarda belə böyük xərclərə səbəb olacaq. Çünki təmir, o cümlədən sensorların və kameraların dəyişdirilməsi artıq 37 % bahadır. Yeni avtomobillərdəki qəza əyləcləri və onları təmin edən sensorlar ən sadə toqquşmadan sonra sıradan çıxırlar. Qeyd edək ki, texnoloji inkişafın gətirdiyi bu çətinliklərlə yanaşı, avtomobil təhlükəsizliyi, sürücülük rahatlığı və yanacaq səmərəliliyi də artır. Bu səbəbdən sektordakı peşəkarların texnoloji dəyişikliklərə tez uyğunlaşması və bu inkişafı üstünlüyə çevirməsi çox vacibdir.