“Son dövrlərdə ABŞ prezidenti Donald Trampın Venesuelaya mümkün hərbi müdaxilə və ölkə prezidenti Nikolas Maduronun həbs edilməsi ilə bağlı səsləndirilən fikirlər beynəlxalq gündəmdə geniş müzakirələrə səbəb olub. Bu addımlar beynəlxalq hüququn pozulması kimi qiymətləndirilsə də, bəzi siyasi şərhçilər Nikolas Maduronun beynəlxalq legitimliyinin olmadığını bildirirlər”.
Bugun.tv– xəbər verir ki, bu barədə açıqlamanı siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında paylaşıb.
Ekspert qeyd edir ki, Nikolas Maduro Venesuelada avtoritar idarəçilik sistemi formalaşdırıb. Mütəxəssislərin fikrincə, ölkənin neftlə zəngin iqtisadi potensialı xalqın rifahı üçün deyil, əsasən hakimiyyətin şəxsi maraqlarına xidmət edib. Nəticədə Venesuela uzunmüddətli siyasi və iqtisadi böhranla üzləşib.
Analitiklər baş verən hadisələri Maduronun həyata keçirdiyi anti-xalq siyasətinin nəticəsi kimi dəyərləndirirlər. Onların fikrincə, tarix göstərir ki, avtoritar rejimlər quran liderlərin sonu əksər hallarda faciəli olur. Misal olaraq, İraqın sabiq prezidenti Səddam Hüseynin edam edilməsi, Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin zorakı şəkildə öldürülməsi xatırladılır.
Bənzər yanaşmaya görə, Venesuela lideri Nikolas Maduro da yaranmış vəziyyətdə silahlı müqavimət göstərməyərək təslim olub. Siyasi müşahidəçilər bildirirlər ki, xalqla hesablaşmayan, demokratik idarəçilik prinsiplərini pozan liderlərin aqibəti çox vaxt rüsvayçı olur.
