8 C
Baku
23 Dekabr 2024, 7:33
Mədəniyyət

Ay gecikən məhəbbətim

Məhəbbət bir neçə cür olur. Erkən məhəbbət, yetişən məhəbbət və bir də gecikən məhəbbət. Hər üçü də gözəl hisslərdir. Mənim qəhrəmanım Qulam, Sara adlı nərmə-nazik, gözəl-göyçək bir xanıma aşiq olmuşdu. Nə gecəsi var idi, nə gündüzü. Yatıb yuxuda Saranı görürdü, gözünü açanda yanında həyat yoldaşı Məsməni. Uzun illər idi ki, Məsmə ilə ailə qurmuşdu. Məsməni sevib almışdı. Elə indi də sevirdi, uşaqların anası kimi. Saraya rast gələni həyatı büsbütün dəyişmişdi. Saranın məhəbbəti onu məcnun etmişdi. Bir xalq mahsında deyildiyi kimi, məhəbbət adamı ya öldürər, ya da bəndrəng edər. Qulamı isə hələlik bandrəng etmişdi. Həyat yoldaşı Məsmə həkim də olsa, ərinə diaqnoz qoymaqda çətinlik çəkirdi. Qulam ezamiyyət adı ilə tez-tez evdən çıxırdı. Ürəyindən keçirdi ki, ezamiyyətə yox, bir-iki illik işləməyə getsəydi nə yaxşı olardı… Qulamın son zamanlar ən çox sevdiyi mahnı “Ay gecikən məhəbbətim” idi. Bu mahnının sözlərini əzbərdən bilirdi. Maşınında lent yazısı da var idi, tez-tez qulaq asırdı.

Bir gözələ xəyanətdir,

Sənə olan məhəbbətim.

Ay gecikən, məhəbbətim.

Tez-tez dodaqaltı bu mahnını züm-zümə edirdi.

Qulam bu axşam yenə ezamiyyət adı ilə Saragilə yollandı. Sara tovuzquşu kimi bəzənib, Qulamı səbirsizliklə gözləyirdi. Qulam Saranı görcək, şit yağı kimi əridi, ağzının suyu axdı. Zalımın qızı çox gözəl idi. Qulamın Saraya olan məhəbbəti bir gözəl xanıma olan məhəbbət idisə, Saranın Qulama olan məhəbbəti isə, dəfələrlə məhəbbət oxu daşa dəymiş bir xanımın naəlac məhəbbəti idi. Əgər buna məhəbbət demək olardısa. Aşıqlər, məşuqlar belə gərara gəldilər ki, əvvəlcə gödəniyyət, sonra isə məhəbbətiyyət. Sara göbələk bişirmişdi. Göbələk nədir, Sara zəhər də bişirsəydi, Qulam bəh-bəh deyib, yeyəcəkdi. Mən zəhər sözünü nahaqdan demədim. Qulam göbələyi yeyəndən az sonra zəhərləndi, vəziyyəti ağırlaşdı. Sara qorxuya düşüb, tez təcili yardıma zəng etdi. Çox çəkmədi, təcili yardım gəldi, nə gəldi. Məsmə əynində xalat, başında kalpak, içəri girib xəstəsinin əri Qulam olduğunu gördükdə, başından kalpakı, gözündən eynəyi, əlindən fenondoskopu düşdü. Qulam gözünü açıb, başının üstündə Məsməni görəndə, otaq başına fırlandı, yenidən huşunu itirdi. Məsməni qızdırma basmışdı, bilmirdi nədən başlasın. O, bir Saraya baxdı, bir xəstəyə, sonra özünü toplayıb soruşdu:

-Xəstə nə yeyib?

-Göbələk.

– Aydındır. Zəhərlənib. Təcili xəstəxanaya aparmaq lazımdır.

Sonra tibb bacısına göstəriş verdi.

– Xərək gətirin.

Məsmənin gözləri doldu, özünü güclə saxladı. Bunu görən Sara qorxuya düşüb, həkimdən soruşdu:

-Doktor, vəziyyəti ağırdır?

-Çox ağırdır. Çətin bu xəstəlikdən sağalsın.

Təcili yardım sürətlə şəhərin küçələrindən keçirdi. Xəstəni tez xəstəxanaya çatdırmaq lazım idi. Məsmə həyəcan keçirirdi. Gərginliyi aradan qaldırmaq üçün, sürücü radionun səsini bir az artırdı. Hacıbaba Hüseynov yanıqlı səslə oxuyurdu: İki sevda çəkənlərin cəzası var…

Əhməd Orucoğlu.

Bugün TV

Oxşar xəbərlər

“CinemaPlus”da Türkiyədə izlənmə rekordları qıran “Ölümlü Dünya 2” komediyası

Kəmalə Sultan

Türk kinosunun məşhur aktrisası dünyasını dəyişdi

İntizar Əmirova

Jurnalistlər Milli Mətbuat Gününü qeyd etdilər   

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu