19 C
Baku
Sentyabr 28, 2022
Sosial

Azərbaycanda it-pişik saxlayanlara pis XƏBƏR

Azərbaycana idxal edilən it-pişik yemlərinin 70 %-i Rusiyanın payına düşür. Son ay yarım ərzində mövcud problemlərə görə qonşu dövlətdən idxal olunan digər məhsullar kimi, bu yemlərin də tədarükündə risklərin ola bilmə ehtimalı ortaya çıxıb.

Çünki Rusiyanın özündə belə yaxın müddət ərzində heyvan yemi çatışmazlığı gözlənilir. Orada daxili bazar iştirakçıları tələbatın artdığını qeyd edirlər. Bəzi ekspertlər yem çatışmazlığını Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) onların bəzi növlərinin idxalına məhdudiyyət qoyması ilə də əlaqələndirirlər. Həmin qərar ötən ilin yayından etibarən qüvvədədir.

Baş verənlər fonunda Rusiyada ev heyvanları üçün quru yemin qiyməti nəzərəçarpacaq dərəcədə artıb – bəzi məhsullar üçün qiymət bir həftə ərzində iki dəfə yüksəlib.

Avropadan Rusiya bazarına tədarüklə bağlı problemlər də var – nəqliyyat tapmaq və təchizatçılara ödəniş təşkil etmək çətindir. Bu baxımdan, Rusiya yem istehsalçıları idxal olunan xammal çatışmazlığı ilə üzləşə bilərlər.

Daxili bazarda belə problemlərlə üzləşən Rusiyanın indiki şəraitdə Azərbaycana hansı şəkildə məhsul göndərəcəyi sual altındadır.

“Report” bu suala cavabı daxili bazar iştirakçıları ilə araşdıraraq tapmaq qərarına gəldi.

Heyvan mağazalarından birinin rəhbəri Teyyub Səlimov bildirib ki, it-pişik yemlərində qıtlıq yaşanmır:

“Rusiya-Ukrayna müharibəsi başladığı ilk 20 gündə daşınmada, məhsulların gətirilməsində problem yarandı. Hazırda isə it-pişik yemləri normal şəkildə gətirilir. Doğrudur, qiymətlərdə artım var. Bütün məhsullarda 2 manata qədər artım müşahidə olunur”.

Heyvan yemlərinin Azərbaycana kütləvi gətirilməsi ilə məşğul olan iş adamı Xaləddin Həsənov bildirib ki, daimi partnyorlarla çalışdıqları üçün hazırda it-pişik yemlərinin ölkəyə gətirilməsində heç bir problem yoxdur:

“Nə qədər mal sifariş ediriksə, o qədər də gəlir. Qiymət artımına gəlincə, bu indiki vəziyyətdə qaçılmazdır. Lakin problemlərin tezliklə həll olunacağına ümid edirik”.

Başqa bir iş adamı – Elman Xasıyev də bazarda qıtlığın olmadığını deyir:

“Bəzi problemlər yaşasaq da, indi vəziyyət sabitdir. Sifarişçilərimizə çatacaq qədər mal gətirə bilirik. Amma gələcəklə bağlı konkret söz verə bilmərəm. Sabah nəyin necə dəyişəcəyini demək olmaz”.

Oxşar xəbərlər

Komada olan qazi vəfat etdi

Aynur Əfəndi Zadə

Milli Məclisin sədri Sahibə Qafarova Daşkənddə Heydər Əliyev Meydanında olub

Aynur Camal

Azərbaycanda birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik müavinətlərin verilməsinə başlanılıb

Sabina Uğur