“Azərbaycanın Ermənistana neft məhsullarının satışı regional siyasi proseslərin mühüm elementi kimi qiymətləndirilir. Bu gün Azərbaycandan neft çənlərindən ibarət yüklü qatar Gürcüstan ərazisindən keçərək Ermənistana daxil olur”.
Bugun.tv xəbər verir ki, bu barədə açıqlamanı siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında paylaşıb.
Siyasi ekspert bildirib ki, Azərbaycan və Ermənistan arasında hələ “Yekun sülh” müqaviləsi imzalanmasa da, neft və yanacaq tədarükü ilə bağlı razılaşma ilk növbədə siyasi proseslərdən irəli gəlir. Onun sözlərinə görə, Ermənistan Rusiyadan neft məhsullarının idxalını azaltmaqla Moskvanın seçkilər zamanı mümkün təzyiqlərini neytrallaşdırmağa çalışır və bu addım eyni zamanda ölkədə keçiriləcək seçkilərdə baş nazir Nikol Paşinyanın mövqelərini gücləndirir.
M. Əsədullazadə qeyd edib ki, Azərbaycandan neft məhsullarının tədarükü Ermənistan üçün Azərbaycanla sülh prosesinin real və praktik nəticələrinin nümayişi kimi təqdim olunacaq.
Ekspertin fikrincə, bu proses Moskva və Tehranda ciddi narahatlıq yaradacaq.
Onun sözlərinə görə, neft məhsullarının Ermənistana ixracı İranın bölgədəki mövqelərinin zəiflədilməsi baxımından da mühüm addımdır: “Azərbaycan bu addımla Ermənistanı Rusiya və İranın təsirindən çıxarır. Real və müstəqil Ermənistanın formalaşması məhz Azərbaycanın yaratdığı imkanlar hesabına mümkün olur”.
Siyasi ekspert əlavə edib ki, Nikol Paşinyan hazırda real və praktik addımlar atır, Azərbaycan və Türkiyə isə Rusiyanın Ermənistandakı mümkün təxribatlarının qarşısını almalıdır. Bu çərçivədə Paşinyanın ölkə daxilində “təmizləmə siyasəti” apardığını vurğulayan M. Əsədullazadə yaxın aylarda Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasının da gözlənildiyini bildirib.
Qeyd edək ki, Məhəmməd Əsədullazadə Milli Cəbhə Partiyası sədrinin müavinidir.
