Bugun.tv xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanma mərasimi ilə bağlı paylaşım edib.
Deputat sosial media hesabında bildirib ki, Xartiyanın imzalanması Azərbaycan-ABŞ əlaqələri üçün yeni perspektivlər açır və ölkəmizin strateji və iqtisadi maraqlarına mühüm töhfə verəcək.
Vüqar Bayramov qeyd edib ki, strateji tərəfdaşlıq çərçivəsində enerji, ticarət, tranzit, süni intellekt və rəqəmsal infrastruktur sahələrində əməkdaşlıq gücləndiriləcək.
O, əlavə edib ki, 2025-ci ilin ilk 11 ayında ABŞ ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 1 milyard 365 milyon dollar olub və qeyri-neft məhsullarının ixracı 54 milyon 491 min dollar təşkil edib. Deputat vurğulayıb ki, strateji əməkdaşlıq qeyri-neft sektoruna texnologiya və investisiyaların cəlb edilməsinə, iqtisadi diversifikasiyanın güclənməsinə imkan yaradacaq.
Vüqar Bayramov bildirib ki, ABŞ ilə əməkdaşlıq həmçinin Avropada enerji təhlükəsizliyinin güclənməsinə töhfə verir və ölkəmizə ABŞ texnologiyasının və sərmayəsinin gəlməsini stimullaşdırır. Onun sözlərinə görə, bu Xartiya Azərbaycan-ABŞ strateji tərəfdaşlığını yeni səviyyəyə qaldırır və iqtisadi inkişaf üçün geniş imkanlar açır.
