5 C
Baku
12 Fevral 2026, 23:00
Siyasət

“Azərbaycan-Ermənistan arasında yekun sülh sazişinin mayda imzalanması təklif olunur”

Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya

Bugun.tv xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin may ayında imzalanmasının gündəmdə olduğunu bildirib.

Ekspertin sosial media hesabında şərhinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın seçkilərə qədər sülh müqaviləsinin imzalanmasını hökumət proqramına daxil etməsi həm daxili, həm də xarici auditoriyaya hesablanmış addım kimi qiymətləndirilməlidir. Məhəmməd Əsədullazadə qeyd edib ki, bu addım ilk növbədə Vaşinqtona ünvanlanmış mesajdır və rəsmi İrəvanın sülh gündəliyinə sadiqliyini nümayiş etdirməyə xidmət edir.

Əsədullazadə vurğulayıb ki, ABŞ-ın may ayında sülh müqaviləsinin imzalanmasını təşviq etməsi prosesin beynəlxalq siyasi çərçivədə dəstəkləndiyini göstərir. O əlavə edib ki, ABŞ-da payızda Konqres seçkilərinin keçiriləcəyini nəzərə alsaq, Ağ Evin regionda diplomatik nəticə əldə etməsi daxili siyasi baxımdan da əhəmiyyət daşıyır və bu, Vaşinqton üçün seçkiöncəsi müsbət imic faktoru ola bilər.

Siyasi ekspert bildirib ki, Azərbaycan dəfələrlə bəyan edib: Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmadan yekun sülh müqaviləsinin imzalanması mümkün deyil. Onun fikrincə, rəsmi Bakı bu hüquqi əsasların dəyişdirilməsini, xüsusilə Konstitusiya referendumunu uzunmüddətli və dayanıqlı sülhün əsas şərti kimi qiymətləndirir.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Paşinyanın seçkilərə qədər müqavilənin imzalanması təşəbbüsü daxili siyasi mövqeyini gücləndirmək məqsədi daşıya bilər. Lakin Azərbaycanın əsas prioriteti hüquqi və institusional zəminin formalaşmasıdır. Ekspert hesab edir ki, seçkilərdən sonra Konstitusiya referendumu keçirilməsi və ərazi iddialarının rəsmən çıxarılması sülh sazişinin legitimliyini və davamlılığını artıracaq.

Ekspertin sözlərinə görə, hazırkı mərhələdə iki ölkə arasında genişmiqyaslı hərbi toqquşmaların olmaması de-fakto sülh mühitinin mövcudluğunu göstərir. Lakin bu vəziyyətin de-yure sənədlə rəsmiləşməsi üçün tərəflərin strateji yanaşmalarının hələ tam uzlaşmadığı bildirilir.

Aynur Camal

Oxşar xəbərlər

NATO Baş katibi Rutte: Alyansda “zihniyyət dəyişikliyi” yaşanır

Aynur Camal

İran-ABŞ nüvə danışıqlarında “etimad divarı” məsələsi gündəmdədir

Aynur Camal

“Azərbaycan rəqəmsal iqtisadiyyat sahəsində yeni addımlar atır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu