Azərbaycan ilə Ermənistan arasında daimi sülhün təmin edilməsi və münasibətlərin normallaşdırılması istiqamətində aparılan proses 2026-cı ildə də davam edəcək. 2025-ci ildə atılan konkret addımlar tərəflər arasında təmasların intensivləşməsinə və praktiki irəliləyişlərin əldə olunmasına şərait yaradıb.
2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan görüşərək birgə bəyannamə imzalayıblar. Həmçinin iki ölkənin xarici işlər nazirləri sülh sazişini paraflayıblar. Bu addımlar münaqişəyə son qoyulması və tam normallaşmaya doğru irəliləmək niyyətini təsdiqləyib.
İl ərzində qarşılıqlı etimadın möhkəmləndirilməsi məqsədilə bir sıra tədbirlər görülüb. Azərbaycan Ermənistana daşınan yüklər üzrə məhdudiyyətləri aradan qaldırıb, regional ticarət və nəqliyyat xətlərinin fəaliyyətinə töhfə verib. Azərbaycan neftinin Ermənistana ixracına başlanması iqtisadi münasibətlər baxımından mühüm mərhələ kimi qiymətləndirilib.
İqtisadi və infrastruktur sahəsində “Zəngəzur dəhlizi” kimi tanınan, Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) layihəsi ön plana çıxıb. Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirməyi və regional nəqliyyat-ticarət əlaqələrini gücləndirməyi hədəfləyən layihənin 2026-cı ildə Ermənistan ərazisində tikinti mərhələsinə keçməsi gözlənilir.
Siyasi-diplomatik müstəvidə isə Qarabağ məsələsi ilə bağlı illərlə nəticə verməyən ATƏT-in Minsk Qrupunun ləğvi normallaşma prosesinin əsas elementlərindən biri olub. Bu qərar tərəflər arasında məsələlərin ikitərəfli və birbaşa danışıqlar yolu ilə həllinə üstünlük verildiyini göstərib.
Danışıqlar çərçivəsində sərhədlərin delimitasiyası və nəqliyyat əlaqələrinin açılması müzakirə olunub, vətəndaş cəmiyyəti nümayəndələri qarşılıqlı səfərlər həyata keçiriblər.
Ermənistanda 2026-cı ildə keçirilməsi planlaşdırılan ümumi seçkilər də prosesə təsir göstərəcək əsas amillərdən sayılır. Seçkilərdən sonra Paşinyanın rəhbərlik etdiyi qüvvənin yenidən hakimiyyətə gələcəyi təqdirdə, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına dair müddəaların çıxarılması üçün referendum təşəbbüsü gündəmə gələ bilər. Bu addım sülh sazişinin tamamlanması baxımından həlledici hesab olunur.
2026-cı ildə sülh sazişinin yekunlaşdırılması, sərhədlərin hüquqi cəhətdən rəsmiləşdirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlər kimi müəyyənləşdirilib. Enerji, nəqliyyat və ticarət sahələrində əməkdaşlığın dərinləşdirilməsi ilə iki ölkə arasında münasibətlərin davamlı sülh əsasında formalaşdırılması hədəflənir.
Mənbə: Trthaber.com
