Baş xəbər

Azərbaycan İrandakı diplomatik nümayəndəliklərini təxliyə edir

Azərbaycan hökuməti təhlükəsizlik səbəbi ilə İrandakı diplomatik nümayəndəliklərin əməkdaşlarının təxliyə olunması barədə qərar qəbul edib.

Bugun.tv xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən mətbuat konfransında məlumat verib.

Nazir bildirib ki, təhlükəsizlik vəziyyəti nəzərə alınaraq Azərbaycanın Tehran şəhərində yerləşən səfirliyi və Təbriz şəhərində fəaliyyət göstərən Baş Konsulluğunun əməkdaşlarının tam təxliyəsi barədə qərar qəbul edilib.

Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan vətəndaşlarının və diplomatik nümayəndəlik əməkdaşlarının həyatını risk altına atmaq mümkün deyil. Onun sözlərinə görə, qərar bölgədə artan gərginlik fonunda təhlükəsizlik tədbiri kimi qəbul olunub.

Nazir həmçinin bildirib ki, Naxçıvan Muxtar Respublikası ərazisinə İran tərəfindən pilotsuz uçuş aparatları ilə hücum edilməsi ilə bağlı məsələ araşdırılır. İran tərəfi hadisənin araşdırılacağına söz verib və Azərbaycan rəsmi nəticələri gözləyir.

Xatırladaq ki, Azərbaycanın Xarici İşlər Nazirliyi bundan əvvəl Naxçıvan ərazisinə İran istiqamətindən pilotsuz uçuş aparatlarının daxil olduğunu açıqlayıb. Məlumata görə, pilotsuz aparatlardan biri Naxçıvan Beynəlxalq Hava Limanı ərazisinə, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.

Hadisə nəticəsində hava limanının binasına ziyan dəyib, 4 mülki şəxs isə yaralanıb.

Baş verən hadisədən sonra İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və ona rəsmi etiraz notası təqdim olunub.

Azərbaycan Prezidenti İlham Əliyev isə hücumu terror aktı kimi qiymətləndirərək məsələ ilə bağlı lazımi tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara tapşırıqlar verib.

Eyni zamanda, İranın xarici işlər naziri Abbas Araqçi baş verən hadisədə İranın iştirakının olmadığını iddia edib və hücumun ölkəsini ittiham etmək məqsədilə həyata keçirilə biləcəyini bildirib.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Politoloq Aqil Məmmədov: İran PUA-sının Azərbaycan ərazisinə buraxılması ciddi insidentdir

Aynur Camal

2026-cı ilin ən moda saç kəsimləri: Ultra-qısa piksi və uzun bob trenddir

Aynur Camal

8 Martda hansı çiçəkləri hədiyyə etməmək lazımdır – allergoloq xəbərdarlıq edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu