“Bizim zəmanə tərəqqi zəmanəsidir və tərəqqi etməyən tayfa günü-gündən tənəzzül edib axırda puç olacaq…”
deyən Həsən bəy Zərdabi 149 il bundan əvvəl Azərbaycan dilində ilk qəzetin nəşrinə nail olub.
O 1837-ci ildə Keçmiş Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdu. İlk təhsilini mollaxanada, sonra Şamaxı qəza məktəbində, orta təhsilini Tiflisdə tamamlamışdı. 1861-ci ildə Moskva universitetinə daxil olaraq dörd il sonra təbiyyət-riyazyyat fakultəsini bitirmişdi. Yaxşı oxuduğuna görə elmi iş üçün orada saxlanılmışdı. Xalqına xidmət etmək arzusu onu Azərbaycana gətirdi. Gimnaziyada tələbələri ətrafına yığaraq onları milli ədəbiyyatla, birinci növbədə M. F. Axundovun əsərləri ilə tanış edir. Onları Bakıda təşkil olunan rus-teatr tamaşalarına aparmaqdan zövq alırdı.
“Hər bir xalqın xoşbəxtliyi və ya bədbəxtliyi, uşaqların tərbiyəsinin necə qoyulmasından asılıdır”
sözlərinin sahibi Zərdabi azərbaycanlı tələbələrdən özünün gənc silahdaşlarını yetişdirirdi.
1873-cü ildən əsası qoyulan Azərbaycan teatırı inkişaf edir. Bir ziyal kimi Zərdabi həmçinin gənc dramaturqların yetişməsinə də kömək edirdi. Bu işdə onun ən yaxın silahdaşı tələbəsi Nəcəf bəy Vəzirov idi.
İki ildən sonra, 1875-ci ildə Zərdabi Azərbaycan mətbuatının əsasını qoyan məşhur » Əkinçi qəzetini nəşr etməyə başlayır…
“Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun”
fikri mətbuatımızın banisinin şüarlarından biri idi.
1890-cı illərdə isə H. Zərdabi, N. Vəzirov və N. Nərimanov teatr səhnəsində çox fəal iş aparmağa başladılar. Dıram dərnəyinə H.bəy Zərdabi rəhbərlik edirdi. M. F. Axundovun əsərləri ilə bərabər Gogolun “Müfəttiş”, Şekspirin, “Otello” və.s əsərlərini də tamaşaya qoymuşdular.
Həsən bəy Zərdabi boş vaxtlarını xalq arasında keçirir, uşaqları və cavanları elmə, maarifə mədəniyyətə həbəsləndirirdi.
Lakin 1877 -ci ildə Çar hökuməti “Əkinçi” qəzetini bağlatdırdı. Onu Bakıdan uzaqlaşdırmaq bəhanəsi ilə Yekaterinadar (Krasnadar) gimnaziyasına müəllim təyin etdilər.
Vətənə və Xalqına xidmət etməyi hər şeydən üstün tutan Maarifpərvər Çar hökümətinin təklifini qəbul etmədi.
“Vətəndəki fəaliyyətimdən uzaqlaşdırılmağımı ölümə bərabər sandım…” deyən Zərdabi 1880-cı ildə doğma kəndinə qayıdır. O kənd təsərrüfatı sahəsində kəndlilərə yaxşı məlumatlar verir, cəhalət və mövhumata qarşı mübarizə aparır…
Bakıdan kənarda yaşasa da “Ziya”, “Kəşkül”, “Kaspi”, “Novoe obozrenie” və.s qəzet, jurnallarda azərbaycanca, rusca çoxlu elmi kütləvi yazıları çap olunurdu…
1890-cı illərdə Bakıya gələrək daha qızğın maarifçilik fəaliyyətini davam etdirir…
Eyni zamanda “Həyat”, “İrşad” qəzetlərində, “Dəbistan” jurnallarında təbiyyat, kənd təsərrüfatı və ictimai məsələlərə dair elmi-kütləvi əsərləri çap olunurdu…
1906-cı ildə Bakıda keçirilən Azərbaycan müəllimlərinin I qurultayında fəal nümayəndələrdən biri də qocaman maarif xadimi Zərdabi olub. O 1907 ilin 28 noyabrında vəfat edib.
Həmçinin qeyd edək ki, H. Zərdabi M.F.Axundovun ən tanınmış silahdaşı, milli teatr və mətbuatın banisi, jurnalist, alim və böyük ictimai xadim kimi hər zaman yaşayır.
Onun irsini iki qismə bölmək olur: I qismə kənd təsərrüfatının əkinçilik, bağçılıq, bostancılıq, heyvandarlıq, quşçuluq və.s.
II isə təhsil elm maarif, məktəb dil ədəbiyyat incəsənətin bütün növləri daxildir.