34 C
Baku
27 İyul 2025, 16:48
Baş xəbərSiyasət

Azərbaycan Milli Mətbuatı: Tarixi Yaddaşdan Müasir Qlobal Platforma

Hər il iyulun 22-də ölkəmizdə Milli Mətbuat Günü qeyd olunur. Bu tarix təkcə bir qəzetin – “Əkinçi”nin nəşrə başlaması ilə bağlı sadə bir xatirə deyil, həm də Azərbaycan xalqının milli şüurunun oyanışı, maarifçilik ideyalarının yayılması və azad fikirli cəmiyyətin formalaşmasında mühüm dönüş nöqtəsidir.

1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunan ilk qəzet – “Əkinçi” milli mətbuatımızın bünövrəsini qoydu. Cəmi 56 sayı işıq üzü görməsinə baxmayaraq, “Əkinçi” Azərbaycan mətbuatının maarifçi, demokratik və ictimai dəyərləri daşıyan ənənələrinin əsasını qoydu. Qəzetin əsas missiyası sadə xalqın maariflənməsi, milli oyanışın təşviqi və cəmiyyətin ictimai-siyasi məsələlərə marağının artırılması idi.

XIX əsrin sonları və XX əsrin əvvəllərində anadilli mətbuatın inkişafı, “Ziya”, “Füyuzat”, “Molla Nəsrəddin”, “İrşad” kimi qəzet və jurnallar vasitəsilə ictimai şüurun, azadlıq ideyalarının yayılması milli özünüdərk və istiqlal məfkurəsinin güclənməsinə təkan verdi. Həsən bəy Zərdabinin kürəkəni Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə nəşr olunan “Kaspi” qəzeti də həmin ideyaların daşıyıcısı oldu.

Müstəqillik Dövründə də Mətbuatın Dirçəlişi danılmazdır. Belə ki, XX əsrin sonunda Azərbaycanın müstəqilliyini yenidən qazanması ilə milli mətbuat da yeni inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə senzura ləğv olundu, söz və məlumat azadlığını təmin edən islahatlar həyata keçirildi. 1998-ci ildə dövlət senzurasının tamamilə ləğv olunması, medianın azad fəaliyyəti üçün hüquqi və iqtisadi şəraitin yaradılması milli mətbuat tarixində yeni bir səhifə açdı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə media sahəsində islahatlar daha da dərinləşdirildi. “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası” qəbul olundu, Medianın İnkişafı Agentliyi yaradıldı. Eyni zamanda, “Media haqqında” Qanun qəbul edilərək medianın hüquqi bazası müasirləşdirildi, informasiya təhlükəsizliyi və jurnalistikanın nüfuzunun artırılması hədəf kimi müəyyənləşdirildi.

Prezident İlham Əliyev demişdir:

“Bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıb… Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm.”

Media subyektlərinə vergi güzəştləri, jurnalistlərə güzəştli ipoteka kreditləri, “Jurnalistlərin dostu” mükafatlarının təsis olunması mətbuat işçilərinə göstərilən dövlət qayğısının göstəricisidir. Bu təşəbbüslər media əməkdaşlarının sosial müdafiəsini gücləndirərək onların daha məhsuldar fəaliyyətinə imkan yaradır.

Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibəsi dövründə dövlətin informasiya siyasətini uğurla həyata keçirmiş, dezinformasiyalara qarşı mübarizədə cəbhənin ön sıralarında yer almışdır. Vətən müharibəsində jurnalistlər həm informasiya cəbhəsində, həm də döyüş meydanlarında fədakarlıq göstərmiş, vətənpərvərlik və peşəkarlıq nümunəsi ortaya qoymuşlar.

Müasir dövrdə media sahəsində süni intellekt, sosial media, dezinformasiya ilə mübarizə, media savadlılığı və qlobal informasiya şəbəkəsində mövqeyin gücləndirilməsi yeni prioritetlər kimi qarşıya çıxır. Şuşada keçirilən Qlobal Media Forumları bu mövzuların müzakirəsi üçün beynəlxalq platforma rolunu oynayır.

2025-ci ildə Azərbaycan milli mətbuatının 150 illiyi geniş şəkildə qeyd olunur. Bu münasibətlə Prezident İlham Əliyev tərəfindən yubiley medalı təsis edilib və xüsusi sərəncam imzalanıb. Bu yubiley yalnız tarixə ehtiram deyil, həm də gələcəyə baxışdır – daha güclü, qərəzsiz, peşəkar və müasir mətbuat quruculuğuna çağırışdır.

Azərbaycan milli mətbuatı yalnız informasiya daşıyıcısı deyil, həm də cəmiyyətin vicdanı, milli düşüncənin aynasıdır. O, tariximizin aynası olduğu qədər, gələcəyimizin də istiqamətverici gücüdür. Bu gün Azərbaycan jurnalistikasının qarşısında duran vəzifələr – obyektivlik, peşəkarlıq, vətənpərvərlik və ictimai məsuliyyət – mətbuatın sabahını müəyyənləşdirəcək əsas prinsiplərdir.

“Əkinçi”nin yolunu davam etdirən mətbuat – xalqın səsi, cəmiyyətin aynasıdır.

Bütün media subyektlərini ürəkdən təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!

Ülviyyə Həmzəyeva 

Millət vəkili 

Mənbə: Xalq.Online

Aynur Camal

Oxşar xəbərlər

Minik avtomobili ilə mikroavtobus toqquşdu: 3 nəfər öldü, 5 nəfər yaralandı

Bugün TV

Rusiya “Şimal axını”təxribatı ilə bağlı sənədləri BMT-yə təqdim edəcək

Nigar Məmmədova

Yurdumuza Novruz gəlir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu