Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (ATƏT PA) Kanadanın Vankuver şəhərində keçirilən 30-cu İllik Sessiyası çərçivəsində İpək Yolu Qrupunun növbəti iclası olub.
Bugun.tv xəbər verir ki, iclasda Azərbaycan nümayəndə heyətinin rəhbəri, Qrupun sədri Azay Quliyev hesabatla çıxış edərək təşkilatın qarşısında duran prioritet istiqamətləri açıqlayıb. Toplantıya qatılan Assambleyanın Baş katibi Roberto Mantella İpək Yolu Qrupunun fəaliyyətini yüksək qiymətləndirib və ATƏT PA-nın 2018-ci ildə Berlində qəbul etdiyi Qətnamə ilə quruma rəsmi dəstək verdiyini bildirib.
İpək Yolu Qrupu ATƏT PA-nın tarixində ilk dəfə olaraq müxtəlif siyasi partiyalardan olan prezidentliyə namizədləri- Mark Priçardı (Birləşmiş Krallıq), Pere Ponesi (İspaniya) və Pia Kaumanı (Finlandiya) bir araya gətirərək onlara seçki platformalarını təqdim etmələri üçün şərait yaradıb. İclasda çıxış edən namizədlər prezident seçiləcəyi təqdirdə, ATƏT PA-da aparacaqları islahatlar, qarşıda duran vəzifələr və mövcud çağırışların həlli ilə bağlı fikirlərini bölüşüblər.
Daha sonra Qrupun sədr müavini, Xorvatiya nümayəndə heyətinin rəhbəri Davor Bernardiç cari ilin may ayında Bakıda ATƏT PA-nın yaşıl iqtisadiyyatla bağlı keçirilən konfransı haqda məlumat verib və Azərbaycanda bu sahə üzrə həyata keçilən işləri təqdir edib. D.Bernardiç qurumun növbəti beynəlxalq konfransına bu ilin payızında Xorvatiyanın ev sahibliyi etməsi ilə bağlı təklif irəli sürüb. Təklif səsə qoyularaq qəbul edilib.
Qrupun iclası maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.
İclasda Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Tural Gəncəliyev, həmçinin ölkəmizin ATƏT-dəki daimi nümayəndəsi, səfir Rövşən Sadıqbəyli də iştirak ediblər.
Mənbə:Azərtag