Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmona bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə məktub ünvanlayıb.
Bugun.tv xəbər verir ki, məktubda dövlətimizin başçısı Tacikistan Prezidentini və xalqını öz adından və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edib, ən xoş arzularını çatdırıb.
Dövlətimizin başçısı məktubunda bildirib: “Sizin müdrik rəhbərliyiniz altında Tacikistanın dövlətçiliyin möhkəmləndirilməsi, xalqın sosial-iqtisadi rifahının yaxşılaşdırılması sahələrində əldə etdiyi uğurları, beynəlxalq aləmdə nüfuz qazanması dost ölkə olaraq bizi sevindirir”.
Azərbaycan Prezidenti qeyd edib ki, dövlətlərarası münasibətlərimizin hazırkı səviyyəsi xalqlarımızın tarixən bir-birinə bəslədiyi rəğbət, hörmət və etimaddan qaynaqlanır. Ali səviyyəli qarşılıqlı səfərlər, müntəzəm təmaslar, müxtəlif sahələrdə imzalanan çoxsaylı sənədlər ikitərəfli əlaqələrimizin, tərəfdaşlığımızın dinamik və uğurla inkişafını şərtləndirib.
“İnanıram ki, hazırda Azərbaycan-Tacikistan əlaqələrinin əhatə dairəsinin genişləndirilməsi üçün formalaşmış əlverişli şəraitdən səmərəli istifadə edərək qarşılıqlı faydalı əməkdaşlığımızın möhkəmlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli əsasda işbirliyimizin daha da dərinləşməsinə nail olacağıq”, – deyə Prezident İlham Əliyev vurğulayıb.
Sonda dövlətimizin başçısı tacikistanlı həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, işlərində müvəffəqiyyətlər, qardaş Tacikistan xalqına isə daim əmin-amanlıq və rifah arzulayıb.
Mənbə:Azərtac