Bugun.tv – xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən aparılan araşdırmalara əsasən son illər uşaqlar arasında geniş yayılan onlayn oyunlar və interaktiv platformalar, xüsusilə də “Roblox” ciddi risklər yaradır. Bildirilib ki, uşaqların rəqəmsal mühitdə üzləşdiyi təhlükələr artıq təkcə texnoloji məsələ deyil, eyni zamanda insan hüquqları kontekstində qiymətləndirilməli olan ciddi problemə çevrilib.
Araşdırmalar, mediada yayımlanan məlumatlar və mütəxəssis rəyləri göstərir ki, bu platformalarda uşaqlar təkcə texniki risklərlə deyil, həm də psixoloji manipulyasiya ilə üz-üzə qalırlar. Bullinq (təzyiq və təhqir), qruminq (uşaqların etibarının mərhələli şəkildə qazanılması), emosional istismar, qorxu və asılılıq yaradan davranışlar uşaqlar üçün ciddi təhlükə mənbəyi kimi qiymətləndirilir. Bu hallar uşaqlarda stress, təşviş, davranış pozuntuları və uzunmüddətli psixoloji travmalara səbəb olmaqla uşaq hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxara bilər.
Müraciətdə vurğulanıb ki, məsələ beynəlxalq səviyyədə də ciddi problem kimi tanınır. Məhz bu risklərə görə Çin, Rusiya, Türkiyə, İordaniya, Qətər, Oman, İraq və digər ölkələrdə “Roblox” platforması qadağan edilib və ya məhdudlaşdırılıb. Buna əsas səbəb kimi uşaqlar üçün uyğun olmayan kontent, təhlükəli ünsiyyət imkanları və yetkinlik yaşına çatmayanların təhlükəsizliyi ilə bağlı narahatlıqlar göstərilir.
Ombudsman qeyd edib ki, rəqəmsal platformalarda yaş məhdudiyyətlərinin formal xarakter daşıması, effektiv moderasiya mexanizmlərinin olmaması, şəxsi məlumatların qorunmasındakı boşluqlar və maliyyə manipulyasiyası riskləri uşaqların hüquqlarının pozulmasına zəmin yaradır.
Xatırladılıb ki, Azərbaycan Respublikasının Konstitusiyasına və “Uşaq hüquqları haqqında” Qanuna əsasən, uşaqların sağlam, təhlükəsiz və normal inkişaf mühitində yaşamaq hüququ dövlət tərəfindən qorunur. Həmçinin “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun uşaqların zərərli informasiya məhsullarından müdafiəsini əsas prinsip kimi müəyyən edir.
Bu səbəbdən Ombudsman aidiyyəti dövlət qurumlarını uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi məqsədilə onlayn platformalara nəzarətin gücləndirilməsinə, risklərin hüquqi qiymətləndirilməsinə və preventiv tədbirlərin həyata keçirilməsinə çağırıb.
Eyni zamanda valideynlərə müraciət edilərək uşaqların rəqəmsal platformalardan istifadəsinə nəzarət olunmasının, valideyn nəzarəti mexanizmlərinin tətbiqinin, uşaqlarla açıq ünsiyyətin qurulmasının və onların virtual mühitdəki risklər barədə maarifləndirilməsinin vacibliyi vurğulanıb.
Media subyektləri və jurnalistlər də bu məsələyə məsuliyyətlə yanaşmağa, uşaqların mənafelərini və hüquqlarını əsas tutaraq ictimaiyyətin düzgün məlumatlandırılmasına töhfə verməyə çağırılıb.
Ombudsman Səbinə Əliyeva uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsinin prioritet olduğunu bir daha qeyd edərək, dövlət qurumlarını və vətəndaş cəmiyyəti institutlarını bu istiqamətdə birgə fəaliyyət göstərməyə dəvət edib.
