Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Ulu öndərin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
Bugun.tv-yə verilən məlumata görə, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda keçirilən tədbir çərçivəsində ilk olaraq Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən fotoların əks olunduğu guşəyə baxış keçirilib.
Tədbirdə çıxış edən Cəlilabad RPŞ-nin rəisi, polis polkovniki Polad Qarayev bildirib ki, Ulu öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayıb, öz xalqına sıx bağlılığının, milli dövlәtçilik məfkurəsinə sadiqliyinin canlı təcəssümü olub. Heydər Əliyev xalqın milli qüruruna, iftixarına və dünyada qəbul olunan rəmzinə çevrilib. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə ölkə ictimaiyyətini ciddi şəkildə düşündürən məsələləri uğurla həll edib.
Bildirilib ki, Ulu Öndər müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirib və məharətlə həyata keçirib. Demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşan müasir Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkül tapması, milli-mənəvi dəyərlərə qayıdış, elm, təhsil və mədəniyyətin tərəqqisi Heydər Əliyevin adı ilə bağlıdır.
Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.