4 C
Baku
15 Yanvar 2026, 1:52
Baş xəbərSiyasət

“Azərbaycanın qızıl ehtiyatlarının artımı strateji sərmayə siyasətinin nəticəsidir”

Milli Məclisin deputatı Vüqar Bayramov sosial media hesabında  paylaşım edərək Azərbaycanın qızıl ehtiyatlarının artırılmasının ölkənin çevik və uzaqgörən sərmayə siyasətinin göstəricisi olduğunu bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi kimi, ötən il qızıl ehtiyatlarının artırılması ilə bağlı strateji qərar qəbul olunub. Bu qərar dövlət aktivlərinin artımında mühüm rol oynayıb.

Vüqar Bayramovun sözlərinə görə, dövlət aktivlərinin artmasında Dövlət Neft Fondunun investisiya istiqamətlərinin şaxələndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Son illər qızıla yatırımlarını artıran Neft Fondunun qızıl portfeli artıq 185 tona çatıb.

Bununla yanaşı, Fondun investisiya portfelində ABŞ dolları hələ də üstünlük təşkil edir və portfelin 68 faizi dollarda saxlanılır. Dollar portfelinin 22 milyard 982 milyon dolları, yəni 32,8 faizi qızıl investisiyalarının payına düşür.

Deputat vurğulayıb ki, Azərbaycan qızıl ehtiyatlarını kəskin artıran ölkələr sırasındadır. Qızılın dünya bazarında bahalaşması fonunda isə dövlət ehtiyatlarının dəyəri daha da yüksəlir. Belə ki, son bir ildə qızılın qiyməti 1,7 dəfə, yarım illik dövrdə 1,2 dəfə, son bir ayda isə 35 faiz artıb. Hazırda qızılın 1 qramının qiyməti 144 dollara çatır.

Vüqar Bayramov “Trade Economics” təşkilatının qiymətləndirmələrinə istinad edərək bildirib ki, qızıl ehtiyatlarının həcminə görə Azərbaycan dünyada ilk 25 ölkə sırasında yer alır. Bu göstərici üzrə ABŞ 8 min 133 tonla birinci, Almaniya 3 min 350 tonla ikinci, İtaliya isə 2 min 452 tonla üçüncü yerdədir.

Deputatın fikrincə, Azərbaycanın həyata keçirdiyi çevik sərmayə siyasəti valyuta ehtiyatlarının artmasına imkan yaradıb. Bu isə iqtisadiyyatın dayanıqlığının möhkəmləndirilməsi və fiskal xərclərin fasiləsiz təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Aynur Camal

Oxşar xəbərlər

Politoloq Aqil Məmmədov: Davos ərəfəsində dünya daha riskli mərhələyə daxil olur

Aynur Camal

Siyasi ekspert Məhəmməd Əsədullazadə: Şah rejimi ilə molla rejimi eyni sistemin fərqli formalarıdır

Aynur Camal

Xəzər Universitetinin rəhbərliyi Ankarada işgüzar səfərdə olub FOTO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu