Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Şarm əl-Şeyx şəhərində təşkil edilən Yaxın Şərq Sülh Sammitində iştirakını sosial media hesabında paylaşan deputat Vüqar Bayramov qeyd edib ki, Azərbaycan sammitə dəvət edilən 25 ölkə siyahısındadır.
“ABŞ və Misir Prezidentləri ilə birlikdə 27 dövlətin lideri sammitdə iştirak edəcək.
Azərbaycanın yüksək səviyyəli sammitə dəvət olunması ölkəmizə olan xüsusi diqqətin göstəricisidir. Yeni dünya düzəninin formalaşması mərhələsində regionda müşahidə edilən siyasi katakalizmlərə rəğmən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirməklə yanaşı, ölkəmizi regional “orta güc” dövlətinə çevirib. Çox vektorlu xarici siyasət Azərbaycanın eyni zamanda Qərb və Şərqlə tərəfdaşlığını gücləndirərək regional təhlükəsizliyin qorunmasında rolunu daha da artırıb. Eyni zamanda, Donald Trampın ABŞ Prezidenti seçilməsindən sonra Birləşmiş Ştatlar ilə Azərbaycan arasındakı münasibətlərin inkişafı müşahidə olunur. Qafqazda sülhə töhvə verməyə çalışan ABŞ ilə ikitərəfli əlaqələrimiz də genişlənir.
Yaxın Şərq Sülh Sammiti nəinki region, bütövlükdə dünya üçün xüsusi əhəmiyyət daşıyır. Məhz bu baxımdan, Uzaq Şərqdən Yaponiya, Şimali Amerikadan Kanada kimi dövlətlərin liderləri də sözügedən sammitə dəvət ediliblər. Digər tərəfdən, Yaxın Şərqdə bir sıra dövlətlər qlobal iqtisadi proseslərdə, xüsusən strateji məhsulların qiymətlərinin müəyyənləşdirilməsində xüsusi rola malikdirlər. 5.2 trilyon dollar nominal və 13.2 trilyon dollar real ümumi daxili məhsula malik olan Yaxın Şərqin iqtisadi gücü artmaqdadır.
Azərbaycan Yaxın Şərqdə sülh və stabilliyin əldə edilməsində və qorunub saxlanmasında maraqlı ölkədir. Yaxın Şərq dövlətləri ilə əlaqələri son illər daha da gücləndirən Azərbaycan bir sıra region ölkələri birgə layihələri də reallaşdırır. Yeni qlobal və regional düzən fonunda Azərbaycanın geo-siyasi mövqeyi daha da güclənməkdədir.