Bugun.tv xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbə və məzunlar üçün Karyera sərgisi keçirilib. Məşğulluğun artırılması məqsədilə keçirilən sərgidə universitetin əməkdaşlıq etdiyi 780-dən çox dövlət qurumu və özəl şirkət ümumilikdə 200-dən çox vakansiya və təcrübə proqramı ilə sərgiyə qatılıb.
Universitetin İdman Kompleksində keçirilən sərgidə iştirakçı qurumlar tərəfindən AzMİU tələbə və məzunlarına ixtisasları üzrə məşğulluq, iş və təcrübə imkanları təklif edilib.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova çıxış edərək sərgi iştirakçılarını salamlayıb və azad olunmuş ərazilərimizdə aparılan tikinti-quruculuq işləri fonunda AzMİU-nun artan vəzifə öhdəliyinə diqqət çəkib. Rektor qeyd edib ki, əsasən memarlıq, inşaat, mühəndislik və bu istiqamətlərlə əlaqəli sahələr üzrə kadr hazırlığı həyata keçirən universitetin əsas missiyası ölkəmizin sözügedən sahələrdə kadr potensialını gücləndirmək, həmçinin formalaşan gənc mütəxəssislərlə istehsalat müəssisələri arasında körpü yaratmaqdan ibarətdir. Karyera sərgisinin bu istiqamətdə böyük üstünlük olduğunu deyən professor Gülçöhrə Məmmədova tələbə və məzunlara, eləcə də sərgidə iştirak edən qurumlara uğurlar arzulayıb.
Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə publik hüquqi şəxsin icraçı direktoru Övsət Həmidov, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə publik hüquqi şəxsin icraçı direktoru Növrəs Cəfərov və Türkiyənin “ProYapı” Mühəndislik və Müşavirlik şirkətinin idarə heyətinin rəhbəri Akif Aygen də çıxış edərək tələbə və məzunlara uğurlar arzulayıblar. Çıxışçılar qeyd ediblər ki, AzMİU ölkəmizin tikinti sektoru üçün kadr hazırlığında aparıcı ali təhsil müəssisəsidir və qurumlar üçün universitetlə əməkdaşlıq, məzunların işə cəlb olunması böyük əhəmiyyət kəsb edir.
Sərgidə SOCAR, “Azərgold”, “Azərsu” ASC, “Zaferoğlu İnşaat” MMC, “Embawood” MMC, “Holcim”, Mətanət-A şirkəti, Kapital Bank, Bank of Baku, Beynəlxalq Bank, Metak şirkəti, “Təmiz Şəhər” ASC, “Azercell”, eləcə də digər dövlət qurumları və özəl şirkətlərdə vakant iş yerləri sərgiyə çıxarılıb.
Ümumilikdə, 1500-dən çox tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb. Şirkət nümayəndələri təmsil olunduqları müəssisələrdəki vakansiyalar haqqında ətraflı məlumat veriblər, iş axtarışında olan gənclər şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə ünsiyyət qurub və özlərinə uyğun vakansiyalar üzrə CV-lərini təqdim ediblər.